Yuxarı

Kəlbəcərli girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib

Ombudsman AİHM-dən D.Əsgərov və Ş.Quliyevin Azərbaycan tərəfinə qaytarılması üçün səylərini artırmasını xahiş edib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ötən ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək məqsədilə doğma yurd yerləri olan Kəlbəcərə gedərkən rayon ərazisində erməni hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Süleymanova vəziyyətlə bağlı, AİHM-nin prezidenti cənab Dean Spielmana rəsmi qaydada müraciət ünvanlayıb. Həmin müraciətdə girovların heç bir dövlət tərəfindən tanınmayan separatist rejim “Dağlıq Qarabağ Respublikasının” qeyri-legitim məhkəməsi tərəfindən mühakimə edilməsinin əsassız, beynəlxalq hüquqa zidd olduğu qeyd edilmiş, uzun müddət işlərinə məhkəmədə baxılmadan saxlanmasının girovların özlərinin, habelə onların ailə üzvlərinin psixoloji sarsıntı keçirmələrinə səbəb olduğu vurğulanıb.

Müraciətdə bildirilib ki, girov götürülmüş şəxslər doğma yurdlarına nostalji hisslərlə və valideynlərinin xatirəsini yad etmək üçün onların məzarlarını ziyarət etmək məqsədilə getmişlər. Həmin şəxslərin bu zaman cinayət törətmədiyi, habelə onların qeyri-qənaətbəxş şəraitdə saxlanıldığı, girovluqda olduqları müddətdə işgəncə, qeyri-insani rəftara məruz qaldıqları, vəkillə təmin olunmadıqları, gündəlik məlumata çatımlıqlarının olmadığı, mütəmadi olaraq tibbi xidmətdən yararlana bilmədikləri qeyd edilərək, bütün bu faktların girovların nəinki beynəlxalq insan hüquqları, habelə humanitar hüquq norma və prinsiplərinə tamamilə zidd olduğu xüsusilə vurğulanıb. Müraciətdə bu hüquq pozuntuları ilə Avropa İnsan Hüquqlarına dair Konvensiyasının müvafiq olaraq, 3 (işgəncənin qadağan olunması), 5 (azadlıq və təhlükəsizlik hüququ) və 6-cı (ədalətli mühakimə hüququ) maddələrinin kobudcasına pozulduğu qeyd olunub.

Ombudsman AİHM-dən D.Əsgərov və Ş.Quliyevin məhkəmə işinə ədalətli baxılmasını və bu prosesin sürətləndirilməsini prioritet məsələ kimi nəzərə almasını, onların qanunsuz girovluqdan tezliklə azad edilərək, Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul etməsini xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi