​Kanadanın Toronto şəhərində “Azərbaycan Günü” təşkil edilib

​Kanadanın Toronto şəhərində “Azərbaycan Günü” təşkil edilib Tədbirdə xalq mahnıları səsləndirilib, milli rəqslər nümayiş etdirilib
Xarici siyasət
16 İyun , 2015 21:50
​Kanadanın Toronto şəhərində “Azərbaycan Günü” təşkil edilib

Bakı. 16 İyun. REPORT.AZ/ 2015-ci il iyunun 14-də Kanadanın Toronto şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan Günü” təşkil edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Ontario əyaləti Parlamentinin üzvü Cek Maklaren (Jack Maclaren) iştirak edib.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Azərbaycan-Kanada əlaqələrinin genişləndirilməsi, ölkəmizin Kanadada düzgün təbliğ olunması, ölkəmizlə bağlı həqiqətlərin Kanada və dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, Kanadada yaşayan vətəndaşlarımızla əlaqələrin səmərəli qurulması, diaspora cəmiyyətlərimizin təşkilatlanması və onlar arasında əlaqələrin möhkəmləndirilməsinin Səfirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirmişdir. O, həmçinin düşmənlərimizin təxribatlarına qarşı mübarizədə cəmiyyətlərimizin birlik nümayiş etdirməsinin, eyni məqsədə, eyni amala xidmət etməsinin həlledici amil olduğunu vurğulayıb.

Sonra söz Ontario əyaləti Parlamentinin üzvü Cek Maklarenə verilib. O, dəvət üçün minnətdarlığını bildirmiş və üzv olduğu partiyanın (Progressive Conservative Party of Ontario) lideri Patrik Braunun da (Patrick Brown) Qurtuluş günü münasibətilə təbriklərini iştirakçılara çatdırıb. O, çıxışında xüsusi ilə qeyd etmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyinin ilk illəri çətin və məşəqqətli olmuşdur. O zaman vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etmiş və 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində o, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bundan sonra Azərbaycan dinc və sabitlik və davamlı inkişaf yoluna qədəm qoyub.

Çıxışlardan sonra konsert proqramı başlayıb, burada Azərbaycan xalq mahnıları səsləndirilib, vətənpərvər şeirlər oxunub və milli rəqslər nümayiş etdirilib. Konsert proqramı çərçivəsində Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin şagirdləri də çıxış ediblər.

Tədbirdə, həmçinin qonaqlara Azərbaycan yeməklərini və şirniyyatlarını dadmaq imkanı yaradılıb.

Son xəbərlər

Orphus sistemi