Yuxarı

Kaliforniya ştatının Qərbi Hollivud şəhəri mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib - FOTO

Bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur

Bakı. 25 may. REPORT.AZ/ Kaliforniya ştatının Qərbi Hollivud şəhəri mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Lindsey Horvath və şəhər şurasının üzvləri tərəfindən müvafiq bəyannamə qəbul edilib. Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. 

Baş Konsulluğuna göndərilən bəyannamədə, Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin qeyd olunur ki, ABŞ və digər demokratik dövlətlər bu respublikanı tanıyıblar: "Bildirilir ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verilib. Nəzərə çatdırılır ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib".

Bəyannamədə ötən 20 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın tərəfdaşına çevrildiyi vurğulanır.

Həmçinin qeyd olunur ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 mayı Milli Gün kimi qeyd edir.

Sonda 28 mayın Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” olduğu bəyan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi