İstanbulun Üsküdar rayonunda hərəkətdə olan “Valide Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” adlı sərgi təşkil olunub.
“Report”un Türkiyə bürosunun məlumatına gözə, sərgi Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və “Tek hedefim” Təhsil Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində baş tutub.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Üsküdar səmtində yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri, yerli bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər.
İstanbuldakı Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, xalqımızın Qərbi Azərbaycanda, Zəngəzurda yaratdığı böyük miras haqqında fikirlərini bölüşüb.
Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Mərmərə Vəqfinin rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları ilə bağlı fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara məxsus yurdlara köçürülməsi, onların isə öz ata-baba torpaqlarından deportasiya edilməsini tarixi ədalətsizlik kimi qiymətləndirib.
Daha sonra Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) nümunələrini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər, Lalə və Toğrul Sərdarlılar çıxış edərək layihə barəsində ətraflı məlumat veriblər. Onlar Azərbaycan xalqına məxsus bu sənət nümunələrinin maraqla qarşılandığını vurğulayaraq belə yüksək səviyyəli tədbirin təşkilinə görə təşəkkür ediblər.
Çıxışlardan sonra layihənin mövzusuna uyğun hazırlanmış sənədli film nümayiş etdirilib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqsləri təqdim olunub. Vüsalə Ələkbərova (vokal) və Fidan İsmayılova (fortepiano) Azərbaycan mahnılarını ifa ediblər. Tədbir dəniz gəzintisi ilə başa çatıb.