İranın Azərbaycandakı səfiri Tehranın İrəvandakı diplomatına cavab verib

İranın Azərbaycandakı səfiri Tehranın İrəvandakı diplomatına cavab verib "Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir".
Xarici siyasət
15 Noyabr , 2023 14:13
İranın Azərbaycandakı səfiri Tehranın İrəvandakı diplomatına cavab verib

"Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "X" hesabında yazıb.

Onun sözlərinə görə, İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub: "Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır".

Qeyd edək ki, bir neçə gün əvvəl İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistanın “CivilNet” platformasına müsahibə verərək təxribat xarakterli fikirlər səsləndirib. O, bütün diplomatik normaları tapdalayaraq deyib ki, Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir: "Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə noyabrın 11-də sözügedən müsahibəyə reaksiya göstərərək həmin əsassız fikirləri pisləyib. O bildirib ki, Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər, eyni zamanda iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir: "Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib".

Son xəbərlər

Orphus sistemi