Azərbaycan Prezidenti: "İndi gələcəyə baxmalı və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik"

Azərbaycan Prezidenti: "İndi gələcəyə baxmalı və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik" "Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir"
Xarici siyasət
9 Mart , 2021 19:47
Azərbaycan Prezidenti: İndi gələcəyə baxmalı və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik
0 : 00
0 : 00

"Türkiyə və Azərbaycan həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdədir, bir-birimizi dəstəkləyirik. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edərkən söyləyib.

Göstərilən dəstəyin təbii olduğunu bildirən dövlətimizin başçısı deyib: “Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır. Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı. Eyni zamanda Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər. Yəni bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdir”.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər.

“Biz bunu çox yüksək qiymətləndiririk. Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi