İlham Əliyevin İtaliyada iştirak etdiyi forumun təşkilatçısı dünyanın ən mühüm beyin mərkəzlərindəndir

İlham Əliyevin İtaliyada iştirak etdiyi forumun təşkilatçısı dünyanın ən mühüm beyin mərkəzlərindəndir Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başla
Xarici siyasət
2 sentyabr 2022 09:11
İlham Əliyevin İtaliyada iştirak etdiyi forumun təşkilatçısı dünyanın ən mühüm beyin mərkəzlərindəndir

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlət başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

Prezident İlham Əliyevə “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən illik olaraq təşkil edilən 48-ci Çernobbio Forumunda əsas qonaq qismində iştirakla bağlı dəvət göndərilib.

Bundan əlavə, hələ bu ilin martın 8-də Prezident İlham Əliyev ilə İtaliyanın Nazirlər Şurasının Sədri Mario Draqi arasında telefon söhbəti olub. Həmin vaxt Draqi Azərbaycan Prezidentinə Çernobbio Forumunda iştirakla bağlı dəvət göndərildiyini və yaxın zamanda İtaliyada görüşməkdən məmnun olacağını bildirib.

Eyni zamanda, aprelin 2-də İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio Azərbaycana rəsmi səfəri vaxtı Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən dövlət başçısına Çernobbio Forumunda iştirakla bağlı dəvət göndərildiyini qeyd edib və Sercio Mattarellanın İtaliyaya səfər dəvətini Prezident İlham Əliyevə çatdırıb.

1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı şirkətlərindən və beyin mərkəzlərindən hesab edilir. Şirkət Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan The European House – Ambrosetti İtaliya və Avropa şirkətləri üçün mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliya şirkətlərinin Asiya və Afrikadakı tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir.

“The European House – Ambrosetti” eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

“The European House – Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya Hökuməti tərəfindən böyük dəstək göstərilir və tədbir zamanı ənənəvi olaraq İtaliya Prezidentinin videomüraciəti yayımlanır. The European House – Ambrosetti, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu qurumun bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunduğuna rast gəlinir. Bu xüsusda, The European House – Ambrosetti potensial tərəfdaş ölkələri və sahələri aşkara çıxarmaq üçün araşdırma aparmaq, İtaliya şirkətlərinin xarici bazarlara çıxışının təşviqinə xidmət edən tədbirlər təşkil etmək, İtaliyanın müxtəlif ölkələr tərəfindən irəli sürülən iqtisadi əməkdaşlıq təşəbbüslərindən yararlanmasını təmin etməklə XİN-in beynəlmiləlləşmə fəaliyyətini dəstəkləyir. Belə ki, əvvəlki illərdə İranla münasibətlərin yumşalması fonunda “The European House – Ambrosetti” 2016-2017-ci illərdə iki ölkənin böyük şirkətlərini bir araya gətirmək məqsədilə Tehran və Romada İtaliya-İran sammiti keçirib. Həmçinin İtaliya şirkətlərinin Çinin “Kəmər və yol təşəbbüsü”ndən bəhrələnməsi üçün müxtəlif tədbirlər təşkil edib. Bu xüsusda, 20-21 noyabr 2019-cu il tarixlərində “The European House – Ambrosetti” və Çin İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə “Kəmər və yol sammiti: qarşıdakı uğurlu biznes” mövzusunda Triestdə təşkil edilmiş yüksək səviyyəli tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

İlham Əliyev
İlham Əliyev

Eyni zamanda, İtaliya XİN-in təşəbbüsü ilə 5+1 formatında keçirilən ikinci İtaliya və Mərkəzi Asiya konfransında İtaliya nümayəndə heyətinin tərkibinə daxil edilmiş The European House – Ambrosetti bunun ardınca 14 dekabr 2021-ci il tarixində İtaliyanın Özbəkistandakı Səfirliyi ilə birgə İtaliya-Özbəkistan dəyirmi masasını təşkil edib və tədbirdə İtaliya XİN-in dövlət katibi Manlio Di Stefano iştirak edib. Bütün bunlar Ambrosetti-nin beynəlmiləlləşmə istiqamətində İtaliya XİN-i ilə sıx koordinasiya şəklində fəaliyyət göstərdiyinə dəlalət edir.

İllik olaraq keçirilən Çernobbio Forumu “The European House – Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Çernobbio Forumu İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu forum hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən Villa d'Este-də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim edilir.

Bir qayda olaraq “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” (Intelligence on the World, Europe, and Italy / Lo scenario di oggi e di domani per le strategie competitive) başlığı ilə keçirilən Forum üç gündən ibarət olur. Cümə gününə təsadüf edən tədbirin ilk günü adətən, əsas qlobal tədbirlərə həsr olunur və müzakirə edilən məsələlər əsasən iqtisadi, geosiyasi və elmi/texnoloji xarakter daşıyır və həmin gün İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri əsas qonaq qismində çıxış edir. İkinci gün Avropaya diqqət yetirir və Aİ bütün institutların nümayəndələrinin və rəsmilərinin iştirakı ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Nəhayət, İtaliya hökumət rəsmilərinin, maliyyə və biznes dünyasının nümayəndələrinin iştirakı ilə keçirilən üçüncü gün İtaliyaya həsr edilir.

Qeyd edildiyi kimi İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri Forumun ilk gününə dəvət edilir. Həmin tədbirdə bir sıra hallarda müxtəlif ölkələrdən dövlət və hökumət rəhbərləri, əksər hallarda iqtisadiyyat və maliyyə sahələri üzrə nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, Avropa Komissiyasının üzvləri, nüfuzlu şirkətlərin ən yüksək səviyyəli menecerləri iştirak edib. Ötən il İtaliya və Rusiya Prezidentlərinin video müraciətləri nümayiş etdirilib, eyni zamanda Liviya Milli Birlik Hökumətinin (UBH) baş naziri Əbdülhəmid Dibeybe və Afrika Birliyinin sədri qismində Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tshisekedi iştirak edib.

Müxtəlif illərdə Çernobbio Forumunda iştirak etmiş dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər sırasında 2008-ci ildə Fələstin dövlətinin prezidenti qismində Mahmud Abbas, Monako şahzadəsi Albert II, İtaliyanın baş nazir Silvio Berluskoni, Co Bayden, 2008-ci ildə Avropa Komissiyasının prezidenti qismində Xose Manuel Barroso, 2003 və 2005-ci illərdə Türkiyənin baş naziri qismində Rəcəb Tayyib Ərdoğan, Henry Kissincer, Emmanuel Makron, Serjio Mattarella, 2007 və 2008-ci illərdə İsrailin prezidenti, 2006-cı ildə baş nazirin müavini, 2002-ci ildə xarici işlər naziri kimi Şimon Peres, Hillari Klintonu qeyd etmək olar.

Forum təşkilatçısından verilmiş məlumata əsasən, builki Foruma Azərbaycan Prezidenti və Türkiyə, Rusiya və Cənubi Afrika Respublikasının prezidentləri dəvət edilib. Rusiya Prezidentinin ötənilki tədbirin açılışında videomüraciəti nümayiş edilib, lakin hazırkı hadisələr fonunda həmin dəvətin qüvvədə olması sual doğurur.

Son xəbərlər

Orphus sistemi