Yuxarı

​İtaliyada Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

Qəbulda İtaliya hökumətinin rəsmiləri də iştirak edib

Bakı. 26 may. REPORT.AZ/ Ötən gün Romanın “Excelsior” mehmanxanasında Azərbaycan İtaliyadakı səfirliyi tərəfindən Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, rəsmi qəbulda İtaliya hökumətinin, parlamentinin üzvləri, mədəniyyət, akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin, Romada yerləşən BMT agentlikləri və diplomatik korpusun nümayəndələri, İtaliya ictimaiyyətinin tanınmış simaları iştirak edib.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə müsəlman Şərqində ilk teatr, opera və baletin, ilk demokratik respublikanın məhz Azərbaycanda qurulması, 28 may Respublika Gününün Azərbaycan tarixindəki əhəmiyyəti, ölkəmizin müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklər, xüsusilə də Ermənistanın təcavüzü ilə üzləşməsi, müstəqillik illərində əldə edilmiş siyasi və iqtisadi uğurlar, Azərbaycanın regional liderə və etibarlı beynəlxalq tərəfdaşa çevrilməsindən bəhs edib. Azərbaycan-İtaliya münasibətlərinə toxunan M.Əhmədzadə bu əlaqələrin prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı iki hökumət arasında qəbul edilmiş strateji tərəfdaşlıq haqqında birgə bəyannamədə qeyd olunduğu kimi strateji əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycan və İtaliya arasında son illərdə siyasi, iqtisadi, mədəniyyət, humanitar sahələrdə təşəkkül tapmış yüksək səviyyəli əlaqələrdən danışıb.

Daha sonra tədbirdə İtaliya Senatının sədr müavini xanım LindaLanzillotta, xarici işlər nazirinin müavini Benedetto Della Vedova, Senatın “Xarici əlaqələr və immiqrasiya komissiyası”nın sədri PyerFerdinandoKazini və İtaliya parlamentində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divina çıxış ediblər. Natiqlər Azərbaycanın İtaliya və Avropa İttifaqı üçün mühüm tərəfdaş olması, hər gün əhəmiyyətinin artması, Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər barədə söz açmış, İtaliya-Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluqlarını bildirmişlər. Natiqlər Azərbaycana səfərləri ilə bağlı xoş təəssüratlarını da bölüşmüş, ölkəmizdə gedən inkişaf prosesini yüksək qiymətləndiriblər.

Tədbir boyu Azərbaycanı təbliğ edən videogörüntülər təqdim edilib. Tədbir İtaliya KİV-lərinin diqqətində olub, o cümlədən İtaliyanın ən nüfuzlu qəzetlərindən olan “Il Messaggero” tərəfindən işıqlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi