Yuxarı

İtaliyada “Azərbaycan: Qafqazın qovşağı, təkcə neft və qaz yox” konfransı keçirilib - FOTO

Tədbir iş adamlarının Azərbaycanın iqtisadi potensialı ilə tanışlığı məqsədi daşıyıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ İtaliyanın Venesiya şəhərində “Azərbaycan: Qafqazın qovşağı, təkcə neft və qaz yox” adlı konfrans keçirilib.

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən "Report"a verilən məlumata görə, Venesiya şəhərində İtaliyanın Veneto Regional Hökuməti və İtaliya Ticarət Palataları İttifaqının birgə təşkilatı olan “Veneto Promozione” tərəfindən Azərbaycanın iqtisadi imkanlarının təşviqinə yönəlmiş “Azərbaycan: Qafqazın qovşağı, təkcə neft və qaz yox” adlı konfrans keçirilib.

Tədbir Veneto regionunun iş adamlarını Azərbaycanın iqtisadi potensialı və iş imkanları ilə tanış etmək məqsədi daşıyıb. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək iş adamlarına Azərbaycanın iqtisadi potensialı, ölkədə aparılan iqtisadi islahatlar, ölkənin iştirak etdiyi regional əhəmiyyətli layihələr və onların yaratdığı imkanlar, habelə Azərbaycan – İtaliya iqtisadi əməkdaşlığı barədə məlumat verib.

Bundan başqa, tədbirdə Veneto regionu Hökumətinin Beynəlxalq əlaqələr, kommunikasiya və regional statistika sistemi direktorluğunun rəhbəri Diyeqo Vekkiato, İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu (ISPI) və Ka Foskari Universitetinin professoru Aldo Ferrari, İtaliya Ticarət Agentliyinin (ICE) Bakı ofisinin rəhbəri Luici D’Aprea, SACE – İtaliyanın ixrac kreditləri və maliyyə zəmanətləri üzrə səhmdar cəmiyyətinin nümayəndəsi Benedetta Premuda, “Veneto Promozione” təşkilatının Avropa və MDB ölkələri üzrə meneceri Silvia Semenzato da çıxış ediblər. 

Venesiyaya səfəri çərçivəsində səfir M.Əhmədzadə, həmçinin Venesiya şəhərinin meri Luici Brunyaro və Venesiyanın prefekti Domeniko Kuttaya ilə, habelə Veneto regionunun prezidentinin ofisində və Ka Foskari Universitetində görüşlər keçirib və əməkdaşlıq mövzuları müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi