Bakı. 30 avqust. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı səfirliyində İtaliyanın mərkəzində baş vermiş zəlzələ qurbanları ilə əlaqədar xatirə kitabı açılıb.
"Report" xəbər verir ki, səhər saatlarından Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik nümayəndəliklərin başçıları, ictimai təşkilatların nümayəndələri, hökumət nümayəndələri səfirliyi baş çəkir.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə gün əvvəl baş vermiş zəlzələ nəticəsində 200-dən çox adam həlak olub, İtaliyanın dağlıq hissəsində bir sıra kənd və şəhərlərə ciddi ziyan dəyib.
Səfir hadisədən dərhal sonra Azərbaycanın həlak olanlarla əlaqədar başsağlığı verdiyini vurğulayıb: "Bu həmrəyliyə görə minnətdarıq. Hələ də dostlardan və ictimai təşkilatlardan məktublar alırıq. Beynəlxalq ictimaiyyət öz yardımını təklif etdi, amma biz öz gücümüzlə bunun öhdəsindən gələ biləcəyimizi bildiridik".
C.Kutilyo, həmçinin İtaliya Qızıl Xaç Komitəsi və digər xeyriyyə təşkilatlarının zəlzələ nəticəsində zərər çəkənlər üçün hesablar açdığını qeyd edib.