İsrailin Tirat-Karmel Şəhər Şurasının deputatı: "Bakıda doğulub boya-başa çatdığıma görə fəxr edirəm" - MÜSAHİBƏ

İsrailin Tirat-Karmel Şəhər Şurasının deputatı: "Bakıda doğulub boya-başa çatdığıma görə fəxr edirəm" - MÜSAHİBƏ Aviran Mişiyev: "Son vaxtlar Azərbaycanda ildə azı bir dəfə oluram, ötən il ailəmlə birlikdə getmişdim"
Xarici siyasət
5 Sentyabr , 2017 11:53
İsrailin Tirat-Karmel Şəhər Şurasının deputatı: Bakıda doğulub boya-başa çatdığıma görə fəxr edirəm - MÜSAHİBƏ

Bakı. 5 sentyabr. REPORT.AZ/ İsrailin Tirat-Karmel Şəhər Şurasının deputatı, azərbaycanlı Aviran Mişiyevin "Report" agentliyinə müsahibəsi:

- Tirat-Karmel şəhərində Azərbaycandan neçə nəfər yaşayır və onlar şəhərin həyatında nə dərəcədə aktivdirlər?

- Şəhərimizdə Qafqazdan olan təqribən 3000 nəfər yaşayır, onların da mütləq əksəriyyətini (95%) Azərbaycandan gələnlər təşkil edir. Onların çoxu şəhər həyatında olduqca aktivdir və tədbirlərdə iştirak edirlər, bəziləri isə tədbirlərin təşəbbüskarıdır.

- Bildiyimizə görə, siz də Azərbaycanda doğulmusunuz. Bu barədə ətraflı məlumat verməyinizi istərdik. Vətəninizi nə dərəcədə tez-tez ziyarət edirsiniz?

- Bəli, mən də Azərbaycandanam. Bakıda doğulub boya-başa çatdığıma görə fəxr edirəm. Valideynlərim və ulu babalarım, eləcə də həyat yoldaşım Qubanın Qırmızı qəsəbəsindəndir.

Məktəbi bitirdikdən sonra İqtisadiyyat Universitetində hazırlıq kursuna getdim, sonra da İsrailə repatriasiya ("vətənə qayıdış" mənası verən termin - red.) baş tutdu.

Son vaxtlar Azərbaycanda ildə azı bir dəfə oluram, ötən il ailəmlə birlikdə getmişdim. Azərbaycanın 10-a yaxın şəhərində olaraq uşaqlara əslimizin haradan olduğunu vizual şəkildə göstərmək, həyat yoldaşımla onlara Azərbaycan haqqında danışdıqlarımızın həqiqət olduqlarını görmələrini istədim.

- Sentyabrın 5-də Tirat-Karmel Azərbaycanın Şamaxı şəhəri ilə qardaşlaşacaq. Bu ərəfədə Azərbaycana səfər etməyi planlaşdırırsınızmı və qardaşlıq razılaşmasının imzalanması çərçivəsində hansı tədbirlər nəzərdə tutulub?

- Əlbəttə, ümumi olaraq Azərbaycana və o cümlədən Şamaxıya səfər edəcək nümayəndə heyətinin tərkibində mən də varam. Bu anı səbirsizliklə gözləyirik. Qürur hissi keçirirəm, hisslərimin hamısını sözlə ifadə etmək çox çətindir.

- Şəhər sakinləri ümumilikdə Azərbaycan, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi barədə nə dərəcə məlumatlıdırlar?

- Şəhərimizin əhalisinin 15%-ini Azərbaycandan olan mühacirlər təşkil edir. Onların Azərbaycan haqqında danışarkən vətənə qarşı duyduqları sevgi yerli əhaliyə ötürülür, rəğbət və hətta deyərdim, müəyyən paxıllıq hissi yaradır, çünki onlar belə öyünə bilmirlər. Yerli əhali artıq Avropa ölkələri ilə yanaşı, daha bir istirahət, kurort ölkəsini olduğunu anlayır və tədricən turist səfərləri sifariş etməyə başlayırlar.

Şəhər meri Arye Tal iki il əvvəl, Mingəçevir və Afula şəhərləri qardaşlaşan zaman Azərbaycanda olub və hər dəfə digər merlər, parlament deputatları və nazirlərlə görüşən zaman Azərbaycanı xoş sözlərlə xatırlayır.

Şəhərimizin Azərbaycandan olan əhalisi Dağlıq Qarabağ münaqişəsi barədə yaxşı məlumatlanıb, onu acısını yaşayır və işğal olunmuş bütün torpaqların tez bir zamanda azad edilməsini ürəkdən diləyirlər. Səylərimiz sayəsində yerli əhali bu münaqişənin acısını tam anlayır. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Azİz"ilə birgə Xocalı faciəsinə həsr olunmuş tədbir də keçirmişik. 

Son xəbərlər

Orphus sistemi