İsrail XİN: "Azərbaycana səfər baş nazir Benyamin Netanyahu üçün prioritetdir"

İsrail XİN: "Azərbaycana səfər baş nazir Benyamin Netanyahu üçün prioritetdir" Emmanuel Naxşon: "Azərbaycan və İsrail arasında bir sıra sahələrdə yaxşı əlaqələr mövcuddur"
Xarici siyasət
20 Sentyabr , 2016 10:29
İsrail XİN: Azərbaycana səfər baş nazir Benyamin Netanyahu üçün prioritetdir

Qüds. 20 sentyabr. REPORT.AZ/ "Azərbaycanla çox yaxşı əlaqələrimiz var. İsraildə Azərbaycandan olan çoxlu sayda yəhudi yaşayır və onlar ölkələr arasında "canlı körpü" rolunu oynayır".

"Report" xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşdə İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Naxşon deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında bir sıra sahələrdə, xüsusilə də energetika sektorunda yaxşı əlaqələr mövcuddur və bu, İsrail üçün çox vacib məsələdir. O, eyni zamanda neft və qazın əbədi olmayacağını vurğulayaraq, iki ölkənin bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq edə biləcəyini deyib. 

Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsinin mümkünlüyü barədə suala cavab verərkən E.Naxşon bu sualla Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edilməli olduğunu bildirib.

"Biz bunun reallaşmasını istərdik. Bu, ölkələr arasındakı yaxşı münasibətlərin təcəssümü olardı", - deyə İsrail XİN sözçüsü deyib.

E.Naxşon İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfərinə də toxunub. Səfərin dəqiq tarixini açıqlamayan XİN nümayəndəsi Azərbaycana səfərin baş nazir üçün prioritet olduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsini şərh edən İsrail XİN-in mətbuat xidmətinin rəhbəri münaqişənin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi