İsrail səfiri: “Azərbaycanla münasibətlər üç əsas əməkdaşlıq istiqamətinə malikdir” MÜSAHİBƏ

İsrail səfiri: “Azərbaycanla münasibətlər üç əsas əməkdaşlıq istiqamətinə malikdir” MÜSAHİBƏ İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dikin “Report” İnformasiya Agentliyinə müsahibəsi:
Xarici siyasət
218
17 Mart , 2020 10:31
İsrail səfiri: “Azərbaycanla münasibətlər üç əsas əməkdaşlıq istiqamətinə malikdir”  MÜSAHİBƏ
Corc Dik / Report/Elchin Murad

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dikin “Report” İnformasiya Agentliyinə müsahibəsi:

- Azərbaycan və İsrail arasındakı münasibətlərin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan və İsrail arasındakı münasibətləri, bizim anlayışımıza görə, strateji tərəfdaşlıqdır. Münasibətlərimiz üç əsas əməkdaşlıq istiqamətinə malikdir.

Birincisi, energetikadır. Bildiyiniz kimi, İsrail Azərbaycandan neft alır. Neft idxalının 30%-ni Azərbaycandan alırıq. İsraildə yaşadığım zaman Təl-Əvivdə yaşayır, Qüdsdə işləyirdim. Hər gün maşınla Qüdsə gedir və evə qayıdırdım. Avtomobilin çənini hər dəfə yanacaqla dolduranda Azərbaycana təşəkkürümü bildirirdim, çünki Azərbaycan neftindən istifadə edirdim.

İkinci istiqamət təhlükəsizlik məsələlərində əməkdaşlıqdır: hər iki ölkə bölgədəki terrorizm, ekstremizm və zorakılıqla mübarizə mövzusunda bir-biri ilə sıx işləyir.

Üçüncüsü, zamanla gücləndirməyə çalışdığımız biznesin və vətəndaşların əməkdaşlığı, insanlar arasında əlaqələrdir. Bir çox sahədə bu əlaqələrin inkişafını müşahidə etdik. Məsələn, turizm sektorunda irəliləyişə nail olduq: 2016-cı ildə 10 min israilli turist Azərbaycana səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 50 min nəfərə çatıb. Burada kənd təsərrüfatı, su təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə İsrail tərəfdən əməkdaşlıq və biznesin artımını müşahidə edirik. Azərbaycana gəldiyimdən bəri bir çox nazir, qurum rəhbəri, özəl sektordan olan bir çox insan ilə görüşmüşəm. Nə qədər çox görüşürəmsə, bir o qədər çox münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dərk edirəm.

Ölkələrimiz arasında mövcud olan əməkdaşlıqla yanaşı, düşünürəm ki, ortaq cəhətlərimiz də çoxdur. Azərbaycan kimi İsrail də həssas və mürəkkəb mühitlə əhatə olunmuş nisbətən kiçik ölkədir. Münaqişənin nə olduğunu bilirik, qonşularımızın maraqlarını, iradəsini və ambisiyalarını nəzərə almalı olduğumuz bölgədəki həyatın mənasını da başa düşürük. Həmçinin suverenliyimizi və müstəqilliyimizi qorumağın vacibliyini başa düşürük. Azərbaycan kimi bizdə də fərqli inanclara, qruplara və dəri rənglərinə malik insanlar inanclarını dəyişdirmədən, özü kimi olmaqdan qorxmadan azad yaşaya bilir. Mən özüm xristian ərəbəm və budur, burada İsrailin səfiriyəm. Bu da təsadüfi deyil. Məni bir çox cəhətdən bu bölgədə müxtəlif inanclı və mənşəli insanların açıq, dözümlü və zorakı olmayan bir cəmiyyətdə yaşamaq qabiliyyətini simvolizə edən ölkəyə göndəriblər. Buna görə düşünürəm ki, bütün bunlar münasibətlərimizi, dövlətlərimizin təbiətini və təbii ki, Azərbaycanda yaşayan yəhudi əhalisinin qədim tarixini müəyyənləşdirir.

Keçən ay Qubada oldum, orada Qırmızı Qəsəbənin yəhudi icmasının nümayəndələri ilə görüşdüm. Körpünü keçirsən və birdən iki sinaqoq, Yəhudi irsi muzeyini görürsən. Başlarında kipa olan sakinlər küçələrdə özlərini sərbəst hiss edirlər. Bundan əvvəl Norveçdə yaşamışam. Məsələn, Osloda sinaqoqa girmək üçün təhlükəsizlikdən yoxlamasından keçməli, yoxlanmalı, polad qapılardan keçməli idin. Qubaya səfər zamanı sinaqoqa gedəndə isə qapıda mühafizəçi yox idi, kimsə qapını sadə açarla açdı və hamımız içəri girdik. Qərbi Avropanın bir çox yerində qeyri-mümkün olan bir şeyin Azərbaycanda təbii yolla qəbul edilməsi məni heyrətləndirir.

Düşünürəm ki, yəhudilərin, xristianların, müsəlmanların, bəhailərin və başqalarının açıq və qorxusuz yaşaya bilmələri, insanların inanclarını sərbəst şəkildə həyata keçirə bilmələri baxımından bu regiondakı bir çox ölkə Azərbaycandan çox şey öyrənə bilər.

Bu, həm Azərbaycanın, həm də İsrailin qürurlu və suveren millətlər olduğunun, xaricdən heç kimə siyasətlərinə diktə etməyə imkan verməmələrinin sübutudur. Düşünürəm ki, hər iki ölkə suveren və müstəqil dövlət kimi qalmaqda maraqlıdır. Əslində Azərbaycan İsrail üçün dünyanın ən dost müsəlman ölkəsidir.

Bir daha deyirəm, İsrail və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur, o cümlədən müdafiə və təhlükəsizlik məsələlərində. Bu, dəyişməyəcək və biz bütün sahələrdə strateji tərəfdaş olmağa davam edəcəyik, digər ölkələrlə münasibətlərimiz heç vaxt Azərbaycanla əlaqələrə təsir etməyəcək. Seçkilərdə nəticələrin necə olmasından, koalisiya danışıqlarının nəticəsindən asılı olmayaraq, İsrail və Azərbaycan arasındakı münasibətlər hər zaman möhkəm qalacaq və daha da artacaq.

- Hökumətlərarası komissiyanın işi hansı mərhələdədir? Bu əməkdaşlıq və digər formatlar çərçivəsində qarşılıqlı səfərlər gözlənilirmi?

- Bu ay Bakı Qlobal Forumunda iştirak etmək üçün İsraildən nazirin səfəri planlaşdırılmışdı, amma təəssüf ki, koronavirusun yayılması təhlükəsi səbəbi ilə forum ləğv edildi. Düşünürəm ki, koronavirus səbəbi ilə yaxın bir neçə həftə ərzində yüksək vəzifəli şəxslərin beynəlxalq səfərləri mümkün olmayacaq. Ancaq hökumətlərarası komissiyanın işindən çox məmnunuq. Komissiyaya İsrail tərəfdən Ekologiya naziri Zeev Elkin, Azərbaycan tərəfdən isə İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etməsindən məmnunuq. Komissiyanın işi çərçivəsində çox böyük irəliləyiş əldə edilib və çox işlər görülüb. Təxminən iki il əvvəl Azərbaycan tərəfi İsrailə səfər etdi və İsrail tərəfinin də Azərbaycana səfər etməsi nəzərdə tutulmuşdu. Ancaq bizdə seçkilər bir neçə mərhələdən keçdiyindən bu, ötən il təxirə salındı. Buna görə də yeni hökumətin tezliklə formalaşmasına və bu səfəri təşkil edə biləcəyimizə ümid edirik. Mən bura gələndən bəri bu işi həyata keçirməkdən ötrü yorulmadan çalışmışıq. Artıq bir neçə həftə əvvəl parlament seçkiləri baş tutub. Odur ki, bunun nəticələrini görəcəyimizə, eyni zamanda koronavirusla bağlı böhranı aradan qaldıracağımıza, İsrailin nümayədə heyətinin inşallah Azərbaycana səfər edəcəyinə ümid edirəm.

- Koronavirusun yayılması və neftin qiymətinin düşməsi fonunda iqtisadiyyatın alternativ sferalarının inkişafı getdikcə vacib hal alır. Azərbaycanda bu sektorların inkişafına İsrail necə töhfə verə bilər?

- Bu gün gördüyümüz neft qiymətləri müxtəlif – həm epidemik, həm də geosiyasi amillərin nəticəsidir. Bu, həqiqətən narahatedicidir. Neftin qiyməti çox aşağıdır. Ancaq əminəm ki, Azərbaycan hökuməti belə hal üçün hazırlıqlıdır, plana malikdir. Bu iqtisadi şoku tarazlamaq üçün sizdə SOCAR, öz institutlarınız var. Əminəm ki, Azərbaycan hökuməti əlindən gələni edir. İsrail olaraq bərpa olunan enerji mənbələri baxımından uzunmüddətli əsasda əməkdaşlıq üçün bir şeyin olub-olmadığına baxmalıyıq. Azərbaycanın alternativ enerji sektorunun, o cümlədən günəş və külək enerjisi sahələrinin inkişafına çox sərmayə yatırdığını bilirəm. Günəş enerjisi haqqında danışarkən qeyd etmək lazımdır ki, İsrailin bu sahədə 60 illik təcrübəsi var. Bu mövzunu Azərbaycanın Energetikla və Ekologiya nazirlikləri və buradakı digər həmkarlarımla müzakirə etmişəm. Ümidvarıq ki, İsrail şirkətləri və mütəxəssisləri bu məsələdə öz töhfələrini verə biləcəklər. Ancaq deməliyəm ki, Azərbaycanın da bu sahədə təklif edəcəyi şey var. Bu mənada həm biznes, həm də hökumətlər səviyyəsində birlikdə işləyə, bir-birimizin təcrübələrindən yararlana və bir-birimizlə ünsiyyət qura biləcəyimiz bir sahədə əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

- Son vaxtlar regionumuz çətin günlərini yaşayır. Vəziyyətin inkişafını, o cümlədən İsrail və Türkiyə arasında münasibətlərin qurulması prizmasından Azərbaycanın rolunu və bütövlükdə bölgənin durumunu necə qiymətləndirirsiniz?

- İsrail və Türkiyə çox yaxın dost idilər. Çox mehriban və açıq münasibətlərimiz var idi və bir çox sahələrdə əməkdaşlıq edirdik. Qeyd etmək vacibdir ki, İsrail ilə Türkiyə arasında hələ də diplomatik münasibətlər mövcuddur və biz turizm sahəsində əlaqələri inkişaf etdiririk. “Türk Hava Yolları” hələ də Təl-Əvivdəki Ben Qurion hava limanına uçuşlar təşkil edən ən fəal şirkətlərdəndir. Ölkələrimiz arasında işgüzar əlaqələr artır. Bu il İsrail və Türkiyə arasında ticarət yalnız artıb. Heç kimə sirr deyil ki, siyasi səviyyədə çox çətinliklərimiz oldu. Ümid edirəm ki, bir gün yenidən yaxın dost olacaq və bu əməkdaşlığı davam etdirəcəyik. Azərbaycan bu mənada özünəməxsus mövqeyə malikdir, çünki xalqlarımız arasında dərin qarşılıqlı anlaşma var və eyni zamanda, aydındır ki, Azərbaycanla Türkiyənin tarixi və çox güclü bağları var. Buna görə də hesab edirəm ki, Azərbaycan hər iki tərəfin bir-birini başa düşməsinə kömək edə biləcək vəziyyətdədir.

İrana gəlincə, hazırda onlar ölkə ərazisində koronavirus epidemiyasının yayılması ilə mübarizə aparır. Koronavirusa görə İranda artıq yüzlərlə insan ölüb, minlərlə insan isə virusa yoluxmuş haldadır. İranlılar üçün ürəyimiz ağrıyır. İran xalqı bu bölgədəki qonşularımız və dostlarımızdır. Səmimi qəlbdən bu bəladan yaxa qurtarmalarını arzulayırıq. Koronavirus artıq qlobal pandemiyadır və heç kim bu böhranın öhdəsindən gələ bilməyən hökumətinin addımlarından əziyyət çəkməməlidir. İran xalqı daha yaxşısına layiqdir. İran xalqına əl uzadırıq və hətta koronavirusla mübarizədə onlara kömək etməyə hazırıq.

- Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin əsas problem və vəzifələrindən biri də Dağlıq Qarabağ münaqişəsidir. İsrailin bu məsələdəki rolunu və mövqeyini necə qiymətləndirirsiniz?

- İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Bu məsələ ilə bağlı mövqeyimiz aydın və ədalətlidir. Ümid edirik ki, tərəflər danışıqlar yolu ilə sülhə nail ola biləcək. Biz bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik. Hesab edirik ki, tərəflər arasındakı danışıqlar, dialoqlar və söhbətlər istənilən münaqişənin həllini tapmağın ən yaxşı yoludur. Səmimi qəlbdən ümid edirik ki, həm Azərbaycan, həm də İsrail yenidən silaha əl atmalı olmayacaq.

Son xəbərlər

Orphus sistemi