Yuxarı
    Bağlamaq

    ​İspaniya Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

    Azərbaycanla İspaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

    Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İspaniya Xarici İşlər Nazirliyinin xarici siyasət və təhlükəsizlik üzrə baş direktoru Enrike Morana qəbul edib.

    Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Azərbaycanla İspaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələr çərçivəsində baş tutub.

    Azərbaycanla İspaniya arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Xələf Xələfov iki ölkə arasında siyasi, iqtisadi, humanitar, turizm və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

    Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaş əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən Xələf Xələfov İspaniyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanın səylərini dəstəkləyəcəyinə ümid etdiyini söyləyib.

    İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən Enrike Mora həmkarı ilə razılaşaraq əməkdaşlığın inkişafı üçün daha yüksək potensialın olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyaya rəsmi səfərinin tezliklə baş tutmasında maraqlı olduqlarını vurğulayan Enrike Mora ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd edib.

    Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edən Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edərək, münaqişənin tezliklə həll olunması üçün BMT, Avropa İttifaqı, ATƏT kimi mühüm təşkilatlar tərəfindən təsirli addımların atılmasının vacibliyini vurğulayıb.

    Etnik və dini fərqliliyə görə separatizmin dəstəklənməsinin və dövlətlərin parçalanmasına cəhd edilməsinin demokratik prinsiplər ilə ziddiyyət təşkil etdiyini qeyd edən Enrike Mora dövlətlərin ərazi bütövlüyü və suverenliyinin İspaniya üçün fundamental prinsip olduğunu vurğulayıb. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiklərini bildirib.

    Görüşdə qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi