İran səfiri: "Qarabağ məsələsi ədalətli şəkildə həll olunmalıdır" - MÜSAHİBƏ

İran səfiri: "Qarabağ məsələsi ədalətli şəkildə həll olunmalıdır" - MÜSAHİBƏ "Əgər BMT qətnamələri icra olunsa, düşünürük ki, regionda təhlükəsizlik qorunacaq"
Xarici siyasət
7 Yanvar , 2015 15:24
İran səfiri: Qarabağ məsələsi ədalətli şəkildə həll olunmalıdır - MÜSAHİBƏ

"Təhlükənin yaranması, region ölkələri, o cümlədən İranın xeyrinə deyil"

"İrana qarşı tətbiq olunan qanunsuz sanksiyaların aradan qaldırılmasını istəyirik"

Bakı. 7 yanvar. REPORT.AZ/ İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayinin "Report"a müsahibəsi.

- Cənab səfir, Azərbaycan-İran əlaqələrinin 2014-cü ilin yekunlarını dəyərləndirməyinizi xahiş edirik.

- 2014-cü il iki ölkə arasındakı əlaqələrində çox fəal bir il olub. 2014-cü il yanvarda Davosda iki ölkənin prezidentlərinin görüşü ilə başlayıb. Bu görüşdən bir müddət sonra Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İrana səfər etdi. Aprel ayında isə Azərbaycan prezidenti İlham Əliyev özü İrana səfərə gəldi və səfər zamanı dövlətlər arasında əməkdaşlığa dair bir neçə sənəd imzalandı. Tərəflər müştərək iqtisadi komissiyanın iclasının keçirilməsi ilə bağlı qərar qəbul etdilər və prezidentlər bu komissiyanın həmsədrləri kimi öz ölkələrinin ən mühüm nazirliyinin rəhbərlərini təyin ediblər. Cənab prezident İlham Əliyevin Tehrana səfəri zamanı İranın Ali Dini Lideri Ayətullah Xamneyi də daxil olmaqla çoxlu faydalı görüşlər baş tutub. Bu səfərdən bir həftə sonra isə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana ziyarəti baş tutub. Təqribən üç aydan sonra da ikitərəfli müştərək iqtisadi komissiyanın iclası keçirilib. Noyabrda isə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri həyata keçirilib. Bu, iki ölkə prezidentləri arasında il boyu artıq dördüncü görüşü olub, bu da rekord göstəricidir. 2014-cü il ərzində, ümumiyyətlə, müxtəlif səviyyələrdə 20-dən çox səfərlər gerçəkləşdirildi. İki ölkə arasında baş tutan səfərlərin və imzalanmış sənədlərin sayını nəzərə alsaq, 2014-cü ilin çox fəal bir il olduğunu deyə bilərik. Bunu da nəzərə alaraq, deməliyik ki, Azərbaycanla İran arasındakı sərhəddə də heç bir xoşagəlməz hadisə baş verməyib, sərhədlərdə təhlükəsizlik tam təmin olunub. Keçən il Azərbaycandan İrana gələn vətəndaşların sayı bir milyondan çox olub. Həmçinin iranlıların viza alınması prosesi də sadələşdirilib. Məsələn, Naxçıvana gedən iranlılar sərhəddə viza ala bilirlər. Üstəlik iki ölkə arasında ticarət dövriyyəsi də rövnəq alaraq, yüksəlib. 2014-cü ildə Azərbaycana xarici ölkələrdən idxalı 20% düşməsinə rəğmən, İrandan idxal 23% artıb. Bu da özü ikitərəfli iqtisadi əlaqələrin inkişafını göstərir. Tranzit sahəsində üçtərəfli olaraq İran - Azərbaycan - Rusiya arasında Qəzvin - Astara dəmir yolun çəkilməsi ilə əlaqədar üçtərəfli sənəd imzalanıb. Enerji sahəsində də biz strateji müttəfiqə çevrilməkdəyik. Neft-qaz sahəsində iki ölkə arasında çox yaxşı əlaqələr mövcuddur, xüsusi ilə "Şahdəniz" layihəsində. Keçən il gömrük problemləri də azalıb. "Biləsuvar" sərhəd-keçid məntəqəsində İran tərəfindən yeni sərhəd buraxılış məntəqəsi yaradılıb, bu da insanların rahat keçməsi üçün şərait yaradıb. İki ölkə arasında əlaqələrində mühüm addımlar atılıb, amma bu heç də bütün gözləntilərimizin həyata keçməsi demək deyil. Bizim daha böyük hədəfimiz var və inşallah 2015-ci ildə bu böyük hədəflərimizə çatarıq. İkitərəfli əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur.

- 2015-ci ildə Azərbaycan-İran əlaqələrində hansı yeniliklər gözlənilir?

- Təbii ki, bu il də yüksək səviyyəli səfərlər təşkil olunacaq. Elə yanvar ayında İranın iqtisadiyyat naziri Bakıya səfər edəcək, eləcə də xarici işlər nazirinin müavininin də səfəri gözlənilir. Fevral ayında isə daha çox səfərlərin həyata keçirilməsini gözləyirik. Bu səfərlər də, təbii ki, dəqiqləşmələrdən sonra baş tutacaq.

- Bu yaxınlarda Qazaxıstan - Türkmənistan - İran dəmir yol layihəsinin açılış mərasimi keçirilib. Sizcə, "Şimal - Cənub" koridorunun bir hissəsi olan bu layihə Qəzvin - Rəşt - Astara dəmir yol layihəsinin tezliklə tamamlanmasına təkan verəcəkmi?

- Hazırda Qəzvin - Astara dəmir yolunun çəkilməsi İran hökuməti üçün prioritet məsələdir. Bu dəmir yol xətti nəinki İranı, Azərbaycanı və Rusiyanı birləşdirir, həmçinin MDB ölkələri üçün cənuba yol açır və hətta Çin üçün də maraqlıdır. Dediyin kimi, İran, Rusiya və Azərbaycanın dəmir yolu qurumları bu layihənin tezliklə çəkilməsi üçün sənəd imzalayıblar. Düşünürəm ki, 2015-ci ildə bu dəmir yolunun çəkilməsi sürətlənəcək.

- Bu yaxınlarda İran XİN-in rəsmi nümayəndəsi Kazım Səccadi Azərbaycana səfər edib və Azərbaycanda cəza çəkən İran vətəndaşlarının öz vətəninə qaytarılması və Azərbaycan Tibb Universitetinin iranlı tələbələrin diplomlarının İranda tanınması ilə bağlı məsələləri müzakirə edib. Bu istiqamətdə hansı irəliləyişlər var?

- İki ölkə arasında digər sahələrdə olduğu kimi ədliyyə sahəsində də yaxşı əməkdaşlıq mövcuddur. Doğrudur, bu insanlar müəyyən cinayətlər törədiblər və öz cəzalarını çəkməlidirlər. Biz onların cinayət etməsini müdafiə etmirik. Lakin iki ölkənin rəhbərləri öz vətəndaşlarının qayğısına qaldığına görə, həmin həbsdə olan insanların ailələrinin istəklərini nəzərə alaraq bu humanist addımı atıb, onların öz ölkələrinə ekstradisiyanı təşkil etmək istəyir. Biz Azərbaycan dövlətinin bu istiqamətdə müsbət fəaliyyətinə görə təşəkkürlərimizi bildiririk. Cənab Səccadinin səfəri də çox faydalı oldu və biz hazırda daha çox İranlı məhbusların ekstradisiyası barədə işlər görürük.

Tibb Universitetinin diplomlarının tanıdılması ilə əlaqədar İranın Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu universitet və orada aparılan təhsil barədə çox müsbət rəy verib. Bu nümayəndə heyəti təqribən 3 gün ərzində universitetin klinikaları və digər müəssisələrinə baxış keçirərək, ümumilikdə onları yaxşı qiymətləndirib. 2008-ci ildə Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin diplomları ilə bağlı qərar qəbul edəndə şərait yaxşı deyildi, çox şükür ki, hazırda vəziyyət daha yaxşıdır. Düşünürəm ki, bu məsələ də öz müsbət cavabını alacaq.

- Azərbaycanla İran sərhədində hər hansı bir yeniliklər gözlənilirmi? Biləsuvar və Astara gömrük məntəqələrinin iş saatının uzadılması hansı müsbət dəyişikliklərə səbəb olub? Bir də Aslandüz-Horadiz sərhəd-keçid məntəqəsinin açılışı ilə bağlı işlər nə yerdədir?

- Həm sərhəd-keçid məntəqələrinin 24-saatlıq iş rejiminə keçməsi, həm də Aslandüz-Horadiz məntəqəsinin açılması ümumi şəkildə iki dövlət tərəfindən razılığa malikdir. Biz bunların həyata keçirilməsi üçün münasib zaman gözləyirik. Bu da iki ölkə arasında ticarət dövriyyəsi böyük həcmlərə çatdığı zaman ola bilər. Məsələn, hazırda sərhədləri keçən yük maşınlar 12 saatlıq rejim ilə kifayətlənirlər, 24 saatlıq rejimə keçmək üçün ehtiyac yoxdur. Yük maşınlarının sayı, ticarət dövriyyəsi də artsa, bu məntəqələrin iş rejimi də 24 saata qədər artırıla bilər. Görsək ki, hazırda mövcud olan 4 sərhəd məntəqəsi bizim ehtiyaclarımızı ödəmir, o zaman yeni məntəqələrin açılması barədə düşünə bilərik.

- Ötən il ticarət dövriyyəsi barədə nə deyə bilərsiniz?

- Mən ümid edirəm ki, 2015-ci ildə ticarət dövriyyəsi ikiqat artacaq. Düşünürəm ki, yeni ildə enerji və neft sahəsində artım müşahidə edərik. Eləcə də iki ölkə arasında turizm sahəsinin inkişafını nəzərə alaraq, bu ticarət dövriyyəsinin artmasını gözləyirəm.

- Bildiyiniz kimi, yanvarın 3-də erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini sərhəd və cəbhəboyu istiqamətlərində atəşə tutublar. Bu insidentlərin İran ərazisinin yaxınlığında baş verdiyini nəzərə alaraq, İran dövlətinin bununla bağlı mövqeyi nədir?

- Biz baş verən hadisələrdən razı deyilik və bu hadisələrin baş verdiyinə görə təəssüflənirik. Regionda təhlükənin yaranması, region ölkələri, o cümlədən İranın xeyrinə deyil. Təhlükəsizlik təmin olunmalıdır. Bunun yolu da ondan ibarətdir ki, Qarabağ məsələsi ədalətli şəkildə həll olunsun. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrin bir hissəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Həmin dövlətlər regionda təhlükəsizliyinin təmin olunmasını daha çox istəməlidir. Əgər BMT qətnamələri icra olunsa, düşünürük ki, regionda təhlükəsizliyi qorunacaq. Biz çox istəyirik və buna çalışırıq ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunsun. Biz bu münaqişənin həllinin hərbi yolunun olduğunu düşünmürük. Əgər zərurət və ehtiyac olsa, biz bu münaqişədə vasitəçilik etməyə hazırıq.

- Yanvarın ortalarında İranın nüvə problemi ilə bağlı "P5+1" qrupu ilə danışıqların növbəti raundu gözlənilir. İranın bu danışıqlardan gözləntiləri nədir?

- Biz bu müzakirələrin tezliklə nəticə verməsini istəyirik, eləcə də İrana qarşı tətbiq olunan qanunsuz sanksiyaların aradan qaldırılmasını istəyirik. Düşünürəm ki, tərəflər bu məsələyə ciddi baxsalar, məsələni həll etmək mümkün olacaq. Qarşı tərəf, P5+1 ölkələri, narahatdılar ki, İran dövləti nüvə proqramı ilə nüvə silahını əldə edə bilər, lakin biz bunun belə olmadığını hər cür onlara izah etməyə çalışırıq. Müzakirənin bir tərəfi İrandır və ona qarşı sanksiyalar tətbiq olunub. Çox istəyirik ki, bu ədalətsiz sanksiyalar aradan qaldırılsın. Düşünürəm ki, müzakirələr nəticəyə çatsalar hər iki tərəfin narahatlıqları aradan qaldırılacaq. Qarşı tərəf də anlayar ki, İranın nüvə silahı əldə etməkdə niyyəti yoxdur. Biz də öz növbəmizdə əmin olacağıq ki, bizə qarşı sanksiyalar aradan qaldırılıb. Düşünürəm ki, qarşı tərəf ciddi olsa və qeyri-məntiqi çıxışlara yol verməsə, bu müzakirələr öz nəticəyə gələcək.

- İran prezidenti Həsən Ruhani hakimiyyətə gələndə bildirib ki, onun siyasətinin əsas prioriteti qonşu dövlətləri ilə bütün problemlərin aradan qaldırılması olacaq. Lakin görürük ki, bəzi qonşu dövlətləri ilə  bəzi çətin anlar hələ də yaşanmaqdadır. Sizcə, bu problemləri yaxın zamanlarda tamamilə həll etmək mümkün olacaqmı?

- İranın 2014-cü ildə xarici siyasətinin ən böyük uğurlarından biri qonşu ölkələrlə problemlərin həll olunması və yaxşı əlaqələrin qurulması oldu. İranın 15 dövləti ilə quru və dəniz sərhədlərinə malikdir. Bir tərəfdən bir Xəzər dənizi vasitəsi ilə Rusiya həmsərhədik və onunla yaxşı əlaqələrə malikik. Bundan əlavə digər Xəzəryani dövlətləri, o cümlədən Azərbaycanla da yaxşı əlaqələrimiz var. Azərbaycanla əlaqələr barədə ətraflı danışdıq. Qazaxıstan və Türkmənistanla bağlı siz özünüz də qeyd etmisiniz ki, bu dövlətləri ilə dəmir yolu xətti çəkilib, bu da yaxşı əlaqələrinin göstəricisidir. Biz Həştərxanda keçirilən Xəzəryani dövlətlərin görüşünü çox müsbət dəyərləndiririk. Bu dövlətlərin bir-biri ilə dostluq əlaqələri ötən illərlə müqayisədə xeyli yaxşılaşıb. Pakistanla çox normal və inkişafda olan əlaqələrimiz var. Əfqanıstanla uzun müddətdir ki, bizim yaxşı münasibətlərimiz var, xüsusi ilə bu ölkədə keçirilən prezident seçkilərindən sonra ölkədə sabitliyin yaranması üçün əlimizdən gələni etdik. Hal-hazırda İraq bizim ən yaxın dostumuzdur. Biz İraq dövlətinə terroristlərlə mübarizə aparmaq üçün kömək göstəririk. Fars körfəzi ölkələri ilə də bizim çox normal əlaqələrimiz var. Keçən illərlə müqayisədə ötən il ərəb ölkələrindən bizə daha çox nümayəndə ziyarət edib. Hətta, İranın "P5+1" dövlətləri ilə müzakirələrindən biri Omanda keçirilib. Türkiyə isə regionda bizim ən böyük iqtisadi şərikimizdir. Düşünürəm ki, prezident Həsən Ruhaninin bildirdiyi kimi, qonşularla normal əlaqələrin qorunmasına yönələn siyasətə sadiqdir. Təbiidir, iki ölkə arasında problemlər ola bilər. Ola bilər ki, hər hansı bir ölkə ilə terroristlərlə mübarizə ilə bağlı müəyyən fikir ayrılığı olsun. Bəlkə də, İŞİD terrorist qruplaşması da bu ihtilaflardan yararlanıb daha da inkişaf edib. Lakin yenə də, qonşu ölkələri ilə müzakirələrimizi davam etdiririk, mövqelərimizi yaxınlaşdırırıq.

- İran İsraillə Fələstin arasında son siyasi hadisələrini necə şərh edir? İran daim dəstəklədiyi Fələstinə BMT-də tam hüquqlu üzvü olmaq üçün necə yardım göstərə bilər?

- Biz Fələstin xalqının hüquqlarının qorunması üçün həmişə dəstək vermişik və verəcəyik. Bu, Fələstin xalqının haqqıdır ki, BMT-nin tamhüquqlu üzvü olsun. Düşünürəm ki, hal-hazırda İsraillə Fələstin arasında sülh danışıqları nəticəsiz olacaq. Çünki İsrail BMT-nin qətnamələrini icra etmək istəmir, ABŞ da yeni qətnamələrin qəbuluna veto qoyur. İsrail Qəzza əhalisinə qarşı böyük cinayətlər törədib. Bu gün də İordan çayının qərb sahilinin əhalisinə qarşı cinayətlər törədilməkdədir, şəhərciklərin tikilməsini davam etdirir. Bütün bunlar danışıqların davam etdirilməsinə maneədir. Bundan əlavə, biz İsraili qəsbkar dövlət, Fələstini işğal edən dövlət kimi tanıyırıq və bu dövlət danışıqlarda vaxt qazanmaq istəyir. Biz danışıqların gələcəyini aydın görmürük.

Son xəbərlər

Orphus sistemi