Yuxarı

İndoneziya səfiri: "Bakıda olduğum illər ərzində Azərbaycanın inkişafını gördüm"

Azərbaycan çox önəmli regionda yerləşir

Bakı. 28 yanvar. REPORT.AZ/ "Azərbaycan çox önəmli regionda, yolların kəsişməsində yerləşir. Burada olduğum 4 il ərzində bu ölkə barədə çox şey öyrəndim".

Bu sözləri "Report"a Azərbaycandakı diplomatik missiyasını başa vurmaqda olan İndoneziyanın ölkəmizdəki ilk səfiri Prayono Atiyanto deyib.

Onun sözlərinə görə, Bakıda olduğu illər ərzində Azərbaycanın inkişafını görüb. Bununla belə, o bu illər ərzində Azərbaycan Prezidentinin İndoneziyaya səfərini və əks marşrutla İndoneziya dövlət başçısının ölkəmizə gəlişini təşkil edə bilmədiyi üçün təəssüfünü bildirib: "Bu, əlaqələrin inkişafı üçün çox vacibdir. Amma bu istiqamətdə işlər gedir. Başa düşmək lazımdır ki, prezidentlər məşğul insanlardır. Onlara qrafiklərində boş vaxt tapmaq çox çətindir. Ümid edirəm ki, bu il həmin səfərlərdən birini təşkil edə biləcəyik".

Azərbaycan və İndoneziya arasındakı iqtisadi əməkdaşlıqdan danışan P.Atiyanto bildirib ki, neftin aşağı qiymətlərinə görə ticarət dövriyyəsi azalıb: "2014-cü ildə ticarət dövriyyəsi 2 milyard dollar təşkil etmişdi. Amma ötən il bu rəqəm 500 milyon dollardan bir qədər çox oldu. Biz Azərbaycandan neft alırıq və ölkəyə əsasən palma yağı və kağız ixrac edirik. Təbii ki, neftin qiymətinin aşağı düşməsi bizim ticarət dövriyyəsinin həcminə də təsir edib".

Humanitar sahədə əməkdaşlığa toxunan səfir qeyd edib ki, Azərbaycan Dillər Universitetində İndoneziyanın Öyrənilməsi Mərkəzi, eləcə də hər il bu dil üzrə 10 mütəxəssis yetişdirən İndoneziya dili fakültəsi yaradılıb. O vurğulayıb ki, indiyə qədər fakültənin 50 məzunu olub, bu isə ikitərəfli əlaqələrin inkişafına töhfədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi