Yuxarı
    Bağlamaq

    İlham Əliyev Türkiyə prezidentini yenidən hakim partiyanın sədri seçilməsi münasibəti ilə təbrik edib

    Yenidən sədr seçilməyiniz Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir

    Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının yenidən sədri seçilməsi münasibəti ilə təbrik edib.

    "Report" xəbər verir ki, dövlət başçısı təbrik məktubunda qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıb.

    "Sizə səmimi salamlarımı çatdırır və qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının yenidən Sədri seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Başçılıq etdiyiniz və qurucusu olduğunuz partiyanın hakimiyyətə gəlişindən ötən 15 ildə qardaş Türkiyə Respublikasında böyük işlər görülüb. Həyata keçirilmiş siyasi, iqtisadi, sosial və digər layihələr Türkiyənin daha da güclənməsinə, beynəlxalq arenada əhəmiyyətli yer tutmasına səbəb olub.

    Bütün bu nailiyyətlərdə şəxsən sizin misilsiz rolunuz olub və adınız əbədi olaraq Türkiyə dövlətçiliyinin tarixinə həkk olunub. Qurucusu olduğunuz partiyanın yenidən sədri seçilməyiniz isə partiya üzvlərinin sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.

    Beynəlxalq aləmdə güc mərkəzinə çevrilmiş qüdrətli və sabit Türkiyə Respublikasının bütün uğurları bizləri olduqca sevindirir. Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

    Çoxşaxəli ikitərəfli əlaqələrimiz, qarşılıqlı maraq doğuran sıx əməkdaşlığımız, irimiqyaslı birgə layihələrimiz strateji müttəfiqliyimizi səciyyələndirən cəhətlərdir. Azərbaycan-Türkiyə tərəfdaşlığı nəinki yerləşdiyimiz regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir, həm də daha geniş coğrafiyada əməkdaşlığa töhfə verir. Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcək.

    Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına isə daim sülh və firavanlıq arzulayıram", - deyə İlham Əliyev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi