Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğana və baş naziri Əhməd Davudoğluna təbrik məktubları göndərib.
"Report"un prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təbrik məktublarında dövlət başçısı türkiyəli həmkarını və baş naziri və onların simasında Türkiyə xalqını Respiblika Günü münasibətilə ürəkdən təbrik edib.
"Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP – Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək", - deyə İ.Əliyevin təbrikində vurğulanır.
Sonda Azərbaycan prezidenti R.T.Ərdoğana və Ə.Davudoğluna möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.