Yuxarı

​İlham Əliyev Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib

Görüşlərdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib.

“Report” xəbər verir ki, dövlət başçısının əvvəlcə Krallığın Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olunub.

İlham Əliyev daha sonra Səudiyyənin neft və minerallar naziri Əli Əl Naimi ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulandı, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan prezidenti, həmçinin Səudiyyə Ərəbistanının maliyyə naziri İbrahim Əl Assaf ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirilib. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi