İlham Əliyev MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib

İlham Əliyev MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib Görüşdə sabah keçiriləcək iclasda çoxsaylı məsələlərin müzakirə olunacağını qeyd olunub
Xarici siyasət
27 Sentyabr , 2016 22:05
İlham Əliyev MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

"Report" xəbər verir ki, qonaqları salamlayan dövlət başçısı sabah keçiriləcək iclasda çoxsaylı məsələlərin müzakirə olunacağını bildirib.

"Sabah Bakıda təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası işə başlayır. Mən qonaqlarımızı – dost dövlətlərin təhlükəsizlik orqanlarının rəhbərlərini salamlayıram, sizə yaxşı və səmərəli iş arzu edirəm. Əminəm ki, sabahkı iclas ölkələrimizin təhlükəsizlik orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi işinə xidmət edəcək.

Mənə məlumdur ki, sizin gündəliyiniz yetərincə genişdir, olduqca çoxsaylı məsələlər müzakirə olunacaq. Təbii ki, bütün bu məsələlər əməkdaşlıq, qarşılıqlı anlaşma və dəstək ruhunda müzakirə olunacaq. Biz Şuranın fəaliyyətinə böyük əhəmiyyət veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrimizdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edir. Azərbaycan Şuranın üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq", - deyə İlham Əliyev bildirib.

Prezident təhlükəsizlik orqanlarının fəaliyyətinin spesifik olduğunu və cəmiyyət üzvlərinin böyük əksəriyyətinin gözünə görünmədiyini diqqətə çatdırıb:

"Sizin başçılıq etdiyiniz orqanların fəaliyyəti spesifikdir. O, cəmiyyətin üzvlərinin böyük əksəriyyətinin gözünə görünmür. Sizin fəaliyyətinizi mövcud şəraitdə qiymətləndirmək lazımdır. Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar. Buna görə də əlbəttə ki, bir daha demək istəyirəm, artıq böyük tarixə malik olan Şura, – sabah Şuranın 41-ci iclası olacaq, siz dəfələrlə görüşmüsünüz, - özünün səmərəliliyini artıq sübut edib. Xüsusən indiki şəraitdə, səylərin daha artıq birləşdirilməsi, fəaliyyətin əlaqələndirilməsi və əlbəttə, vaxtında informasiya mübadiləsinin zəruri olduğu şəraitdə bu, çox vacibdir. Potensial təhdidlər barədə informasiya mübadiləsinə gəldikdə isə burada söhbət nəinki günlərdən, hətta saatlardan gedir".

Dövlət başçısı görüşdə terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsi məsələsinə də toxunub:

"Toxunmaq istədiyim daha bir mühüm mövzu barədə mən bu yaxınlarda MDB dövlət başçıları şurasının Bişkekdə keçirilmiş Sammitində də danışmışam. Mən çıxışımda terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsi məsələsinə də toxunmuşdum və bildirmişdim ki, MDB ölkələrini birləşdirən təkcə ümumi tarix deyil, həm də əməkdaşlığı möhkəmlətmək zərurətini hamının başa düşməsidir. Mənim fikrimcə, bu gün MDB ölkələri müxtəlif tarixə, mədəniyyətə, ənənələrə, dinlərə mənsub olan xalqların qarşılıqlı fəaliyyətinə dair çox mühüm təcrübəni bölüşə bilər. Bu, bizim böyük sərvətimizdir. Əvvəlki illərdə biz belə məsələləri bəlkə də bu dərəcədə kəskin qəbul etmirdik. Bizə elə gəlirdi ki, bu elə belə də olmalıdır. Doğrudan da belə olmalıdır. Lakin heç də hər yerdə belə deyil. Təəssüf ki, son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginlik artır, qarşıdurmalar çoxalır. Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və əlbəttə, bu istiqamətdə düzgün siyasət yürüdən rəhbərliyin çox böyük xidmətidir. Biz öz nümunəmizlə həm siyasi sahədə, həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdiririk. Biz göstəririk ki, bəzi dairələrin buna necə yanaşmalarından asılı olmayaraq multikulturalizm prinsipləri yaşayır və qalib gəlir".

"Sabah sizi böyük iş gözləyir. Bununla bağlı bəzi mülahizələrimi sizə çatdırmaq, sizə uğurlar arzulamaq və təşəkkür etmək istəyirdim. Siz mühüm məsələlərin müzakirəsi üçün Bakıya gəlmisiniz. Güman edirəm ki, Azərbaycanın reallıqları ilə bir daha tanış olmaq, sabahkı günü həm işdə keçirmək, həm də yaxşı istirahət etmək imkanınız olacaq. Bir daha xoş gəlmisiniz", - deyə prezident bildirib.

İclasın Bakıda keçirilməsinə yaradılan imkana görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının sədri, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib:

"Biz artıq birinci dəfə deyil ki, bu tədbiri dost Azərbaycanın ərazisində keçiririk. Bizi həmişə çox qonaqpərvərliklə, mehribanlıqla qəbul edirlər. Demək istəyirəm ki, hər dəfə Azərbaycana gələndə sözün yaxşı mənasında burada baş verənlərə heyrətlənməyə bilmirik. Azərbaycan inkişaf edir, böyüyür. Bu, dostlar, yoldaşlar kimi həm gözümüzü oxşayır, həm də qəlbimizi sevindirir".

A.Bortnikov Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edərək ümumxalq səsverməsinin qələbə ilə başa çatmasını qeyd etdi. Şuranın sədri vurğulayıb:

“Hesab edirəm ki, bu, həqiqətən belədir. Həm Sizə, həm də Azərbaycan xalqına uğurlar və firavanlıq arzu etmək istəyirəm. Bu, çox vacibdir. Hesab edirəm ki, vətəndaşlar öz iradəsini bu şəkildə ifadə etməklə ölkə rəhbərliyini dəstəkləyir və gələcəyə yol seçir”.

A.Bortnikov Birlik ölkələrinin sərhədləri ətrafında yaranmış mürəkkəb vəziyyətə toxunaraq xüsusi qeyd etdi ki, təhlükələr ilk növbədə terrorizmlə bağlıdır. O bildirib ki, dünya birliyinin səylərinə baxmayaraq vəziyyət dəyişmir və mürəkkəb olaraq qalmaqda davam edir. Şuranın sədri qabaqlayıcı iş aparmağın, informasiya mübadiləsinin, təhdidlərə vaxtında reaksiya verilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, sabahkı iclasda müzakirə ediləcək əsas problem bizim ölkələrə qarşı kənardan yaranan təhlükələrin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması olacaq. O deyib:

"Siz son zamanlar bu və ya digər şəkildə dünyada özünü qabarıq büruzə verən və bütövlükdə vəziyyətə təsir göstərən konfessiyalararası münasibətlərdən danışdınız. Düşmənlərimiz bundan fəal istifadə edirlər. Buna görə də biz baş verən prosesləri fəal izləməyə diqqət yetirəcəyik, çünki özlüyündə konfessiyalararası münasibətlərin xarakteri son nəticədə cəmiyyətdə vəziyyətin sağlamlaşmasına təsir göstərir".

A.Bortnikov radikalizmə, mütəşəkkil cinayətkarlığa, ekstremizmə qarşı mübarizənin də vacibliyini qeyd edərək vurğuladı ki, MDB-nin üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığı təhdidlərə qarşı səmərəli mübarizə aparmağa və konkret həllər hazırlamağa kömək edir. O deyib:

"Güman edirəm ki, Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasında yaranmış və mövcud münasibətlərin xarakteri bizim sələflərimiz tərəfindən əsası qoyulmuş ənənələri dəstəkləməyə kömək edir, toplanmış təcrübəni reallaşdırmağa, xüsusi xidmətlərdən hər birinin malik olduğu bilik və vərdişləri təkmilləşdirməyə çalışmaq imkanı verir".

A.Bortnikov vurğuladı ki, MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları Birlik məkanında sülh və əmin-amanlıq üçün ümumi səylər göstərəcək, bir-birini hərtərəfli dəstəkləyəcəklər. O, ümidvar olduğunu diqqətə çatdırdı ki, Bakıda keçirilən iclas perspektivdə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından faydalı və səmərəli olacaq.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi