Azərbaycan prezidenti və Macarıstanın baş naziri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib

Azərbaycan prezidenti və Macarıstanın baş naziri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
6 Mart , 2016 13:28
Azərbaycan prezidenti və Macarıstanın baş naziri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib

Bakı. 6 mart. REPORT.AZ/ Martın 6-da Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, baş nazir Viktor Orban və xanımı Aniko Levaini prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Sonra prezident İlham Əliyev və baş nazir Viktor Orbanın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü keçirilib.

İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın respublikamıza rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, ölkələrimiz münasibətləri bütün istiqamətlərdə daha da genişləndirmək niyyətindədirlər. Prezident qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətləri dinamiklik və qarşılıqlı anlaşma fərqləndirir, baş nazir Viktor Orbanın respublikamıza rəsmi səfəri ölkələrimiz arasında siyasi əlaqələri daha da möhkəmləndirəcək. Dövlət başçısı ölkələrimizin işgüzar dairələrinin daha fəal çalışacaqlarına ümidvar olduğunu bildirib. Səfər zamanı Azərbaycan ilə Macarıstan arasında bir neçə konkret razılaşmanın imzalandığını deyən İlham Əliyev qeyd edib ki, düşünürəm, bu cür razılaşmalar daha çox olacaq. Bizim üçün Macarıstan yaxın, dost dövlətdir və biz istərdik ki, iqtisadi əlaqələr münasibətlərimizin siyasi səviyyəsinə uyğun olsun. Eləcə də kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar sahələrində də yaxşı perspektivlər var. Dövlət başçısı bildirib ki, biz ölkəmizə Macarıstandan investisiyaların yatırılmasında da maraqlıyıq. İstərdik ki, Azərbaycanın özünün maliyyələşdirdiyi layihələrdə daha çox macar şirkətləri iştirak etsinlər. Son bir ildə Macarıstan məhsullarının Azərbaycana ixracının artdığını deyən prezident bu ölkənin şirkətlərinin respublikamızda müxtəlif infrastruktur, tikinti və kənd təsərrüfatı layihələrində iştirak etdiklərini vurğulayıb.

Dövlət başçısı əminliyini bildirib ki, səfərin yekunlarına görə iqtisadiyyat və biznesdə əməkdaşlıq potensialını daha da artırmaq məqsədilə müvafiq qurumlara yeni tapşırıqlar veriləcək. İqtisadi sahədə bütün səyləri əlaqələndirən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini qeyd edən prezident İlham Əliyev baş nazir Viktor Orbanın rəsmi səfərinin ölkələrimizi daha da yaxınlaşdıracağına və çox yaxşı nəticələrə təkan verəcəyinə əminliyini vurğulayıb.

Ölkəmizə rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən baş nazir Viktor Orban qeyd edib ki, biz hər il şəxsən görüşürük, sizə Macarıstana son səfərinizə görə təşəkkür edirik. Düşünürəm ki, ortaq işlərimizin sayı artdığına görə ildə bir dəfə yüksək səviyyədə görüşlər keçirmək yaxşı olardı. Çünki mən görürəm ki, bizim istənilən görüşümüz həm mədəni, həm də iqtisadi sahələrdəki fəaliyyətimizə təkan verir. “İnsan sözə əsaslanaraq dərk edir” macar atalar sözünə istinad edən baş nazir xüsusi vurğulayıb ki, biz görüşəndə hamı anlayır ki, bu, mühüm görüşdür. Biz çox intensiv və əhəmiyyətli inkişafı qeyd edə bilərik. Bu, xüsusilə kənd təsərrüfatı sahəsində daha çox bilinir. Mən sizə bu sahədə təcrübəmizi təklif etmək istəyirəm. Bu məqsədlə Azərbaycandan ekspertlərin, peşəkarların gəlişini gözlədiklərini deyən Viktor Orban təcrübələrini böyük məmnuniyyətlə Azərbaycan ilə bölüşməyə hazır olduqlarını bir daha vurğuladı.

Görüşdə, həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, su təchizatı, informasiya-kommunikasiya texnologiyaları, şəhər təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi