​İlham Əliyev: "Bizim Ermənistandan başqa heç bir ölkə ilə problemimiz yoxdur"

​İlham Əliyev: "Bizim Ermənistandan başqa heç bir ölkə ilə problemimiz yoxdur" "Türkiyə, Rusiya, İran və Gürcüstan ilə çox gözəl əlaqələrimiz var"
Xarici siyasət
28 May , 2016 07:33
​İlham Əliyev: Bizim Ermənistandan başqa heç bir ölkə ilə problemimiz yoxdur

Bakı. 28 may. REPORT.AZ/ "Bizim xarici siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq və Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

O, qonşularla münasibətlərin Azərbaycan üçün prioritet təşkil etdiyini bildirib:

"Hesab edirəm ki, hər bir ölkə üçün bu, belə olmalıdır. Çünki biz bu coğrafiyada, bu qonşuluqda yaşayırıq. Biz maraqlıyıq ki, qonşuluqda sabitlik olsun, inkişaf getsin, xoşagəlməz hallar, təhlükələr olmasın. Qonşularımızın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Əgər qonşunun evi yanırsa, təbii olaraq, ilk növbədə, sən gedib qonşuya yardım edirsən. Digər tərəfdən sən özünü qoruyursan. Siyasətdə də belədir. Ona görə bizim qonşularla münasibətlərimiz formalaşıb, oturuşub və çox gözəl münasibətlərdir".

Dövlət başçısının sözlərinə görə, Türkiyə, Rusiya, İran və Gürcüstan ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda çox gözəl siyasi-iqtisadi, mədəni əlaqələr var.

"Bu əlaqələr bizim üçün çox önəmlidir. Qonşular da bizə eyni mövqedən yanaşır. Biz bu əlaqələri gələcəkdə prioritet kimi daim diqqət mərkəzində saxlamalıyıq. Biz bu əlaqələri gücləndirmək üçün nə lazımdırsa edəcəyik. Bununla bərabər, biz üçtərəfli formatda da işləyirik. Bu üçtərəfli formatın yaradılmasının təşəbbüskarı da biz olmuşuq. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya. Bütün qonşularla ayrı-ayrılıqda üçtərəfli format artıq formalaşıb və bu, sadəcə olaraq formal xarakter daşımır. Çünki bu üçtərəfli əməkdaşlıq çərçivəsində bir çox önəmli məsələlər həll olunur, təhlükəsizliklə, iqtisadi əməkdaşlıqla, enerji və nəqliyyatla bağlı layihələr icra edilir. Yəni, bu əməkdaşlıq bizə də, qonşularımıza da böyük xeyir gətirir", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi