Yuxarı
    Bağlamaq

    İlham Əliyev: "Daxili işlərimizə müdaxilə olunduqda biz çox sərt mövqe nümayiş etdiririk"

    Azərbaycanın öz siyasətini həyata keçirməsi dünyada və regionda böyük mənada qəbul edilir

    Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan onun daxili işlərinə müdaxilə olunduğu zaman çox sərt mövqe nümayiş etdirir.

    "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Cəzirə" televiziyasına müsahibəsində deyib.

    O, ölkənin bütün qonşularla yaxşı münasibətdə olmaq istədiyini və buna nail olduğunu bildirib:

    "Biz qonşuluqda yaşayırıq və təcrid olunmuş ölkə deyilik. Bizim Ermənistandan başqa bütün qonşularımızla çox fəal münasibətlərimiz var. Qeyd etdiyim kimi, bizim ən böyük tərəfdaşımız olan Türkiyə ilə çoxlu layihələrimiz var. Bizim Gürcüstan, Rusiya, İranla da çoxlu layihələrimiz var. Düşünürəm ki, bu müstəqillik illəri bütün ölkələrə, o cümlədən qonşularımıza aydın göstərdi ki, biz dostluq və əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik. Lakin biz heç kimin daxili işlərimizə müdaxilə etməyə çalışmasını istəmirik. Bu, baş verdikdə, biz çox sərt mövqe nümayiş etdiririk. Xoşbəxtlikdən Azərbaycanın öz siyasətini həyata keçirməsi bu gün artıq dünyada və regionda böyük mənada qəbul edilir. Bu siyasət bizim milli maraqlarımıza əsaslanır. Əgər bizim maraqlarımız qonşularımızın maraqları ilə üst-üstə düşürsə, bu, yaxşı haldır. Əgər üst-üstə düşmürsə, bizim üçün əsas öz maraqlarımızdır. Bu, qeyd etdiyiniz qonşu ölkələrlə münasibətlərimizə, eləcə də Avropa ölkələri, ümumilikdə Qərb ilə münasibətlərimizə də aiddir. Bizim bir çox Avropa ölkələri ilə çox yaxşı işgüzar münasibətlərimiz var. Biz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq üzrə sazişlər imzalamışıq və yaxın zamanlarda Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqlara başlayacağıq. Qərbdə də yaxşı başa düşürlər ki, Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib. Əksinə, düşünürəm ki, təşəbbüslərimizin əksəriyyəti regionumuzdakı gərginliklərin azaldılmasına imkan verib".

    Dövlət başçısı qeyd edib ki, son illərdə və aylarda region ölkələrinin bəzilərinin münasibətlərində çətinliklər yaranıb:

    "Lakin bizim siyasətimiz həmişə ona əsaslanıb ki, bu çətinlikləri necə yumşaldaq, bu ölkələrə münasibətlərini normallaşdırmaq işinə necə kömək edək. Buna görə də görürük ki, bu, özünü doğruldur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi