İlham Əliyev: "Bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb"

İlham Əliyev: "Bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb" "Biz öz xarici siyasətimizi lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun"
Xarici siyasət
6 Aprel , 2018 07:07
İlham Əliyev: Bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb

Bakı. 6 aprel. REPORT.AZ/ "Bu gün Azərbaycan xalqların siyasi ailəsində özünü çox rahat və inamlı hiss edir. Düşünürəm ki, xarici siyasət sahəsində biz mümkün olan maksimuma çatmışıq".

“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

"Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti deməkdir. Bu onu göstərir ki, biz qısa müstəqillik dövründə dünyaya özümüzü böyük hörmət sahibi olan etibarlı ölkə kimi göstərə bilmişik. Biz xarici siyasətdə həmişə öz milli maraqlarımızı əsas götürmüşük və bu gün də belədir. Xarici siyasət daxili siyasətin davamıdır. O, daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq. Düşünürəm ki, biz bunu edə bilmişik. Biz öz xarici siyasətimizi lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun. Bizim ənənəvi tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra məsələlər barəsində fikir ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur", - deyə dövlət başçısı bildirib.

İlham Əliyev Azərbaycanın beynəlxalq arenada böyük etimad qazandığını vurğulayıb:

"Deməliyəm ki, biz beynəlxalq arenada böyük etimad qazanmışıq və bizimlə razılaşmaya bilərlər. Lakin düşünürəm ki, bizə hörmət edir və etimad bəsləyirlər. Bir daha deyirəm, bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun, lakin bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə, bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur. Bizim qonşularla çox yaxşı və sıx, mehriban münasibətlərimiz var, onlar da bizə yaxşı münasibət bəsləyirlər. Buna görə də bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb. Məncə, əsas vəzifə bu müsbət inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu, regional sabitliyin möhkəmləndirilməsinə şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi