İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikerini qəbul edib - ƏLAVƏ OLUNUB

İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikerini qəbul edib - ƏLAVƏ OLUNUB Dövlət başçısı Azərbaycanın Argentina ilə ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb
Xarici siyasət
29 Sentyabr , 2016 15:25
İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikerini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenezin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən dövlət başçısı nümayəndə heyətinin Forumda iştirakının maraqlı olacağına əminliyini ifadə edib. Forumun artıq beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev dünya birliyinin üçdə bir hissəsindən çoxunun Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsinin önəmini qeyd edib. Azərbaycan ilə Argentina arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı səfirliklərin fəaliyyət göstərməsinin və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq ikitərəfli əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını deyib. Prezident İlham Əliyev Patrisia Ximenezin ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına əminliyini ifadə edib. Dövlət başçısı Azərbaycanın Argentina ilə ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez ölkəsinin Prezidenti Maurisio Makrinin və Parlament sədrinin salamlarını dövlətimizin başçısına çatdırıb. Patrisia Ximenez V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Argentinalı qonaq bu gün, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdüklərini məmnunluqla vurğulayıb. O, Bakının gözəlliyinin və insanların multikultural dəyərlərə böyük önəm vermələrinin onlarda dərin təəssürat yaratdığını deyib.

Dövlət başçısı Argentina Prezidenti Maurisio Makrinin və Parlament sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə və Parlamentinin sədrinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi