​İlham Əliyev Ankaradakı terror aktı ilə əlaqədar Türkiyə prezidentinə başsağlığı verib

​İlham Əliyev Ankaradakı terror aktı ilə əlaqədar Türkiyə prezidentinə başsağlığı verib Terror aktı nəticəsində 28 nəfər ölüb, 60-dan çox insan yaralanıb
Xarici siyasət
17 Fevral , 2016 23:42
​İlham Əliyev Ankaradakı terror aktı ilə əlaqədar Türkiyə prezidentinə başsağlığı verib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Ankarada 28 nəfərin ölümü, 60-dan çox insanın yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Report" xəbər verir ki, dövlət başçısı məktubunda terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca kədərləndiyini bildirib.

"Əziz Qardaşım, Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!", - deyə başsağlığı məktubunda bildirilir.

Son xəbərlər

Orphus sistemi