İƏT-in baş katibi Azərbaycana səfər edəcək

İƏT-in baş katibi Azərbaycana səfər edəcək Azərbaycan XİN başçısı Malayziyada Yusif Əl Osaymin ilə görüşüb
Xarici siyasət
1221
18 Yanvar , 2017 19:27
İƏT-in baş katibi Azərbaycana səfər edəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın paytaxtı Kuala-Lumpurda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yusif Əl Osaymin Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı haqqında həmsöhbətə məlumat verib. İƏT baş katibi Azərbaycan Respublikası Prezidentinin bu sərəncamının yüksək qiymətləndirildiyini və təqdir edildiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın İƏT çərçivəsində həmrəyliyin güclənməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edərək ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunlarının bu məqsədin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. İƏT baş katibini Azərbaycana səfərə dəvət edən nazir təşkilata üzv dövlətlərin idmançılarının qarşıdan gələn İslam Oyunlarında fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. İƏT-in baş katibi dəvəti məmnuniyyətlə qəbul edib.

Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının və onun ilk təsisat iclasının keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq birmənalı şəkildə dəstəklənməsinə və bu xüsusda qəbul edilmiş qətnamə və bəyanatlara görə İƏT-in baş katibi və üzv dövlətlərə öz təşəkkürünü bildirib.

Görüşdə İƏT-in gündəliyində duran mövzular, Rohinqa müsəlmanlarının vəziyyəti, terrorizmə və İsmafobiya meyllərinə qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi