Bakı. 31 yanvar. REPORT.AZ/ "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır və yaxın gələcəkdə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi səbirsizliklə gözləyir".
"Report"un məlumatına görə, bunu Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya üzrə icraçı direktor Tomas Mayr Hartinq Azərbaycana səfərinin yekununda deyib.
Avropa Komissiyasında Qonşuluq və İttifaqın Genişlənməsi ətrafında Danışıqlar üzrə baş direktor Kristian Danielson isə bildirib ki, Avropa İttifaqı iqtisadi islahatlar sahəsində Azərbaycanı zəngin təcrübə və ekspert məsləhət xidmətləri ilə təmin etməyə hazırdır.
Qeyd edək ki, yanvarın 30-da Avropa Komissiyasında Qonşuluq və İttifaqın Genişlənməsi ətrafında Danışıqlar üzrə baş direktor Kristian Danielson və Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya üzrə icraçı direktor Tomas Mayr Hartinq Azərbaycana səfər ediblər. Nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, biznes və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüblər və Aİ-Azərbaycan arasındakı münasibətləri müzakirə ediblər.
Görüşlərdə Azərbaycan iqtisadiyyatının şaxələnməsi, Aİ-nın hökumətə və vətəndaş cəmiyyətinə bu prosesdə hazırda göstərdiyi və gələcəkdə göstərəcəyi yardım məsələləri müzakirə olunub.