“Türkiyə və Ermənistan münasibətlərin normallaşması prosesinə başlayıb, Azərbaycan bunu dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin IX Qlobal Bakı Forumunda deyib.
Onun sözlərinə görə, Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin edib.
“Artıq xüsusi nümayəndələrin üç iclası keçirilib. Azərbaycan bu barədə məlumatlıdır və bu prosesi dəstəkləyir”, - H.Çətin bildirib.
O, yaxın tarix haqqında danışarkən vurğulayıb ki, Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ regionun işğalı ilə kifayətlənməyib, daha da irəli gedərək onun ətrafındakı 7 rayonu zəbt etmişdi: “Bundan sonra Türkiyə Ermənistanla sərhədləri bağlayıb. Hamı Minsk qrupunun nəsə edəcəyini, 30 il ərzində davam etmiş münaqişəni həll edəcəyini gözləyirdi. Amma bu baş vermədi və Azərbaycan ərazilərini azad etdi”.
Onun sözlərinə görə, regionun böyük potensialı var: “Bu potensialı artırmaq və ondan istifadə etmək lazımdır. Amma bunun üçün region ölkələri arasında dayanıqlı sülh və yaxşı münasibətlər bərqərar olmalıdır”.