Yuxarı

Heysəm Cəlal: "Azərbaycanda mövcud olan tolerantlıq və mötədillik ruhunu yüksək qiymətləndiririk"

Misirli diplomat Ərəb Dövlətləri Liqasının 26-cı sammitini təhlil edib

Bakı. 6 aprel. REPORT.AZ/ Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysəm Cəlal (Haitham Galal) Misirdə bu ilin 28-29 martında keçirilən Ərəb Dövlətləri Liqasının 26-cı sammitinin nəticələrini təhlil edən məqalə yazıb.

Diplomat "Report"a göndərilən məqalədə qeyd edir ki, bu tədbir Ərəb Dövlətləri Liqasının yaranmasının 70 illik yubileyi ilə bir vaxta təsadüf edib və gərgin ərəb münasibətlərinin, regional və beynəlxalq böhranın mövcud olduğu bir dövrdə keçirilib.

"Misir ərəb millətinin mövcudluğunu və onun kimliyini təhdid edən, ərəb ictimaiyyətinin sosial-mədəni əsasını sarsıtmağa, vaxtı keçmiş və bir daha gerçəkləşməsi mümkün olmayan ekspansiya arzularının vəsvəsəsinə düşmüş xarici dairələrin dəstəyi ilə ərəb vətəndaşları arasında din, məzhəb və irqi ayrı-seçkilik yaratmaqla bu ictimaiyyətin çoxsaylı əlaqələrini qırmağa çalışan təhlükələrin ağırlığını hiss edir. Misir yaxşı anlayır ki, bu təhlükələrin qarşısında süstlük və ya zəiflik həmin xarici dairələrə ərəb dövlətlərinin təməlini pozmağa imkan verəcək. Bununla da bu dövlətlər zəifliyin hökm sürəcəyi və dağılmalarını gözləyən parça- parça olmuş kiçik qurumlara çevriləcəklər", - misirli diplomat bildirib.

H.Cəlal qeyd edib ki, Misir sammit ərəfəsində aşağıdakı başlıca çağırışlara cavab verməyin əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, təhdidlər sırasına terrorizm, savadsızlıq, yoxsulluq, işsizlik, zorakılıq və ekstremist fikirlərin yayılmasını daxil etmək olar: "Misir terrorla mübarizədə, xarici dairələrin dəstəyi ilə daxili bölünmələr və konfliktlərin şahidi olan bir sıra ərəb dövlətlərində təhlükəsizliyin və əmin-amanlığın bərqərar edilməsində dünya birliyinin cəhdlərinin birləşdirilməsinin əhəmiyyətini vurğulamış, belə münaqişələrin ədalətli həllinə, vahid vətən və sivil dövlətin aliliyinə, ərəb xalqlarının əmin-amanlıqda, sülh şəraitində yaşamaq hədəflərini və istəklərini həyata keçirmə haqqını təmin etməyə nail olmağın əhəmiyyətinə çağırırır. Misir Yaxın Şərq regionunun nüvə silahından və kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyi barədə çağırışlarını bir daha təkrar etdi".

Diplomat vurğulayıb ki, sonuncu sammitin ən mühüm nəticələri bu oldu ki, ərəb dövlətləri çağırışların qarşısını almaq və milli təhlükəsizliklərini qorumaq üçün vahid ərəb qüvvələri yaradılmasına razılıq verdilər.

Sonda H.Cəlal Azərbaycanın müsəlman dünyasında, terrorizmlə qarşı mübarizədəki rolunu da qeyd edib: "Dünya dövlətlərində terror, zorakılıq və ekstremizm halları baş alıb getdiyi bir vaxtda Azərbaycanda mövcud olan, tərəfkeşliyin və ifratçılığın yayılması cəhdinin əsas maneəsi hesab olunan tolerantlıq və mötədillik ruhunu biz daim yüksək qiymətləndiririk. Azərbaycan müxtəlif dinlər və mədəniyyətlər arasında yanaşı yaşama timsalında özünəməxsus nümunə təqdim edir ki, bu da onu dialoq üçün mühüm platformaya çevirir. Azərbaycanın mədəniyyətlərarası dialoqu gücləndirən, sivilizasiyalar arasında əlaqələri inkişaf etdirən, bəşər mədəniyyətinin zənginləşdirilməsi üçün fikri, mədəni və əqidə müxtəlifliyinin təmin edilməsinin əhəmiyyətini vurğuluyan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dediklərimizi bir daha təsdiq edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi