Heydər Əliyev Fondu Qurban bayramı ilə əlaqədar Pakistanda xeyriyyə tədbiri keçirib

Heydər Əliyev Fondu Qurban bayramı ilə əlaqədar Pakistanda xeyriyyə tədbiri keçirib Tədbir iştirakçıları Mehriban Əliyeva təşəbbüsü ilə keçirilən xeyriyyə tədbirləri yüksək qiymətləndiriblər
Xarici siyasət
9 Sentyabr , 2016 19:30
Heydər Əliyev Fondu Qurban bayramı ilə əlaqədar Pakistanda xeyriyyə tədbiri keçirib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda Qurban bayramı münasibətilə növbəti xeyriyyə tədbiri keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu münasibətlə Ravalpindi şəhərində yerləşən "Anjuman Faiz-ul-İslam" yetimlər evində təşkil olunan mərasimdə Pakistanın federal təhsil və peşəkar təlim, daxili işlər və narkotiklərə nəzarət üzrə dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman, "Anjuman Faiz-ul-İslam" təşkilatinin sədri Mian Məhəmməd Siddiq Əkbər, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhəmməd Asif Nur, və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi bir-birinin sevincini və kədərini bölüşdüklərini, ortaq dəyərlərə və mənəvi yaxınlığa malik olduqlarını qeyd edib, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirib.

Nazir "Heydər Əliyev Fondu"nun müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi mühüm sosial-humanitar layihələri Azərbaycan xalqının Pakistan xalqı ilə həmrəyliyinin təzahürü kimi qiymətləndirib.

Daha sonra çıxış edən "Anjuman Faiz-ul-İslam" Təşkilatının sədri Məhəmməd Əkbər Siddiq xeyirxah əməllərə görə "Heydər Əliyev Fondu"na təşəkkürlərini çatdırıb.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M.A.Nur Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda gerçəkləşdirdiyi xeyriyyəçilik layihələrinin birinci xanımın nəcibliyinin, eyni zamanda iki ölkə xalqının dostluğunun və birliyinin təcəssümü olduğunu vurğulayıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkəsinin müstəqlliyinin bərpasının ilk illərindən Ermənistan tərəfindən həyata keçirilmiş terror hadisələri, soyqırım aktları və işğala məruz qalan, təcavüzə uğrayan ölkə kimi Azərbaycanın terror və işğalın acı nəticələrini, insanların, uşaqların necə əzab çəkdiklərini yaxşı bildiyini diqqətə çatdırıb. Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi birmənalı dəstəyin müstəsna önəminə diqqət cəlb edərək təşəkkürlərini Pakistan hökümətinə və xalqına çatdırıb.

Səfir, həmçinin 12-13 sentyabr tarixlərində İslamabad və Ravalpindi şəhərlərində qurbanlıqların kəsilərək "Anjuman Faiz-ul-İslam" təşkilatinin kimsəsizlər evlərinin sakinlərinə və digər ehtiyaclı insanlara paylanılacağını bildirib.

Sonda uşaqların hazırladığı səhnəciklər nümayiş olunub, Ravalpindi şəhərinin "Anjuman Faiz-ul-İslam" kimsəsizlər evinin uşaqlarına Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi