Dövlət Dumasının komitə sədri: "Azərbaycanın bugünkü inkişafının təməlini Heydər Əliyev qoyub" - MÜSAHİBƏ

Dövlət Dumasının komitə sədri: "Azərbaycanın bugünkü inkişafının təməlini Heydər Əliyev qoyub" - MÜSAHİBƏ Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin Reportun Rusiya bürosuna müsahibəsi:
Xarici siyasət
10 May , 2019 16:57
Dövlət Dumasının komitə sədri: Azərbaycanın bugünkü inkişafının təməlini Heydər Əliyev qoyub - MÜSAHİBƏ

Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin "Report"un Rusiya bürosuna müsahibəsi:

- Bu gün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin 96-cı doğum gününü qeyd edir. Müasir Azərbaycanın qurulmasında Heydər Əliyevin rolunu necə dəyərləndirirsiniz?

- Mənim üçün, habelə Rusiya və Azərbaycan hüdudlarından uzaqda minlərlə insan üçün Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi deməkdir. Heydər Əliyev bütün dünyada öz xalqını müstəqilliyə, suveren dövlətçiliyə qovuşduran, bu gün Azərbaycana dünya şöhrəti qazandıran, inkişafın təməlini qoyan bir şəxsiyyət kimi ehtiramla yad olunur.

Məhz Heydər Əliyevin, habelə onun ənənələrini davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycan bu gün post-sovet məkanının ən qabaqcıl iqtisadiyyatlarının birinə malik, mədəniyyətlər və sivilizasiyalar, müxtəlif din təmsilçilərinin dialoqu üçün əsas mərkəzə çevrilən ölkədir. Bugünkü Azərbaycan və Rusiya bütün post-sovet məkanda tolerantlıq nümunəsidir.

- Qeyd etdiyiniz kimi, bu gün Bakı mədəniyyətlərin dialoqu üçün başlıca meydanlardan biridir. XXI əsr üçün bunun əhəmiyyəti nədən ibarətdir?

- Böyük Heydər Əliyevin xatirə günü ərəfəsində “Mədəniyyətlər dialoqu” adlı kitabın təqdimatının keçirilməsi olduqca rəmzi məna daşıyır. Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən təqdimat mərasiminə hər iki ölkənin ən tanınmış ziyalıları toplaşdı. Bu da Moskva ilə Bakı arasında genişlənən, həmçinin dünya miqyasında aparıcı məkanlarından birinə çevrilən Bakıda da genişlənən mədəniyyətlər dialoqu üçün son dərəcə səciyyəvi haldır. Bu gün Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən, sevimli qardaş Azərbaycanın paytaxtında ərsəyə gətirilən möhtəşəm meqa layihələrin uzaq gələcəyə yönələn mühüm işləri nəzərdə tutduğuna əminəm.

Bu gün siyasət nə qədər böyük əhəmiyyət daşısa da, mədəniyyətlərin dialoqu ondan da, hətta iqtisadiyyatdan da mühümdür. Müxtəlif mədəniyyətlərdən gələn, fərqli dinlərə etiqad edən insanların bir-birilə dil tapmasından, ünsiyyət qurmasından hazırkı mürəkkəb şəraitdə dünya nizamının necə olması, XXI əsrdə dünyanın haraya gedəcəyi, nə qədər təhlükəsiz olacağı çox asılıdır. Bu kimi məsələlər Azərbaycan rəhbərliyinin də diqqət mərkəzindədir.

- Bu il Heydər Əliyev Fondunun 15 illiyi qeyd olunur. Ötən dövr ərzində dəyişməz rəhbəri Mehriban Əliyeva ilə fondun nailiyyətləri barədə nələr deyərdiniz?

- Bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi meqa layihələrdə böyük insani, əqli, maliyyə ehtiyatları cəmləşib. Həmin layihələr müxtəlif millətlərə, dinlərə aid ən müxtəlif yaşda olan minlərlə insanı birləşdirir. Buna görə Heydər Əliyev Fondunun daimi prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qarşısında baş əyirəm.

Mehriban Əliyeva Bakını humanitar əməkdaşlıq sahəsində dünya mərkəzlərindən birinə çevirməyi bacarmış bir xanımdır. Həmçinin təbii ki, İlham Əliyevə də təbriklərimi çatdırmaq istərdim. Qismətinə belə həyat yoldaşı çıxan insan həyatın ən çətin sınaqlarından üzüağ çıxmağa “məhkum”dur.

- Bu yaxınlarda Moskvada Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı mədəniyyət və media səviyyəsində əməkdaşlıq barədə razılıq əldə olunub. Bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təkan verə bilər?

- Dövlət başçıları da görüşür, xarici işlər nazirləri də. Qarabağ münaqişəsi son dərəcə həssas məsələdir, hədsiz uzanmış bu münaqişənin həllində iştirakı olanların böyük diqqətlə, səylə toxuduqları son dərəcə incə təmas qumaşını ehtiyatsız sözlərlə zədələmək istəmirəm. Bu münaqişə indiki siyasətçilərin sağlığında həllini tapmalıdır. Bunun üçün də çox-çox ehtiyatlı olmaq lazımdır. Dağlıq Qarabağ danışıqlarının mexanizminə yaxşı bələdəm, indi konstruktiv məcrada tədricən, aramla irəliləyən bu prosesə xələl gətirməmək üçün hər hansı təfərrüata toxunmaq istəmirəm. Hərçənd ilkin variantda da olsa, zəruri nəticəyə yaxın gələcəkdə nail olunacağına əminəm.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi