Yuxarı

​Həsən Ruhani: "Regiondakı məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur"

Bu məsələlərin həllinin yeganə yolu siyasi yoldur

Bakı. 23 fevral. REPORT.AZ/ "Regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Bu məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur".

"Report" xəbər verir ki, bunu Tehranda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında İranın dövlət başçısı Həsən Ruhani bildirib.

"Regionda baş verən məlum hadisələr və terrorizm təhlükəsi ilə bağlı iki ölkənin təhlükəsizlik və kəşfiyyat sahəsində bir-biri ilə əməkdaşlıq etməsi, informasiya mübadiləsi aparması barədə razılığa gəldik. Regionda baş verən məlum hadisələr, eyni zamanda, Suriya məsələsi ilə bağlı ortaq fikirləri paylaşdıq, o cümlədən aidiyyəti qurumların bu məsələlər ilə əlaqədar mütəmadi olaraq məsləhətləşmələr keçirmələrinə dair ortaq razılığa gəldik. Biz, o cümlədən belə bir ortaq fikrə gəldik ki, regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Bu məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur", - deyə İran prezidenti diqqətə çatdırıb.

O, həmçinin iki ölkə arasında energetika və neft-qaz sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsinin aparıldığını bildirib:

"Biz Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə barədə fikir mübadiləsi etdik. Biz, həmçinin iki ölkə arasında bank və sığorta sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Eyni zamanda, Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Biz xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində, o cümlədən dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik.

Biz bugünkü görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, iki ölkənin üçtərəfli formatda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Bu formatlara daxildir: İran-Türkmənistan-Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Türkiyə".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi