Yuxarı

​Hesablama Palatası Azərbaycanın xarici ölkələrdəki bəzi diplomatik nümayəndəliklərinin fəaliyyətində nöqsanlar aşkarlayıb

İcbari tibbi sığorta məbləğinin saxlanma xərcləri hesabına ödənilməsi hallarına yol verilib

Bakı. 8 aprel. REPORT.AZ/ Keçən il Azərbaycanın xarici ölkələrdə və təşkilatlarda diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilib.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

İllik iş planında nəzərdə tutulmuş Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin istifadəsinə və konsul əməliyyatları üzrə dövlət rüsumlarının tutulmasına dair biri məxfi olmaqla dörd nəzarət tədbiri həyata keçirilib.

Nəzarət tədbirləri Azərbaycanın Niderland və Belçika Krallıqlarının səfirliklərinin, Azərbaycanın NATO yanında Nümayəndəliyinin saxlanılma xərclərini əhatə edib. Nəzarət tədbirlərinin əhatə etdiyi dövrdə ümumilikdə kassa xərcinin əsas hissəsini cari xərclər, o cümlədən 46, 1 faizini əməktutumlu xərclər təşkil edib. Audit tədbirləri zamanı bir sıra nöqsanlar aşkar edilib.

Nəzarət tədbirləri nəticəsində bəzi hallarda vəsaitin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra edildiyi müəyyən olunub. Belə ki, auditin əhatə etdiyi 2012-ci ildə nəzarət tədbiri keçirilən diplomatik orqanları üzrə ümumilikdə kassa xərclərinin 8 faizi, 2013-cü ildə müvafiq olaraq 6,3 faizi, 2014-cü ildə isə diplomatik orqanların həmin ilə ümumi xərclərinin 5,6 faizi səviyyəsində vəsaitin təyinatı dəyişdirilib. Auditin sübutları ilə diplomatik korpuslar tərəfindən qüvvədə olan müvafiq normativ hüquqi aktların və "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nın tələblərinə bəzi hallarda riayət edilmədiyi müəyyən olunub. Diplomatik korpusların aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş ƏDV məbləği geri alınsa da, müvafiq qaydada dövlət büdcəsinə bərpası təmin edilməyib və istifadə olunmuş, diplomatik əməkdaşlara ezamiyyə xərcləri üzrə normalara riayət edilməməsi səbəbindən artıq vəsait xərc edilib, həmçinin mövcud qaydalarda və xərclər smetasında nəzərdə tutulmadığı halda dövlət rüsumunun və icbari tibbi sığorta məbləğinin saxlanma xərcləri hesabına ödənilməsi hallarına yol verilib.

Diplomatik nümayəndəlikləri saxlanılması üçün nəzərdə tutulan vəsait hesabına bəzi hallarda iqamətgahın və kommunikasiya xidmətlərinə, icbari sığortasına və təmin işlərinə, xərclər smetasında nəzərdə tutulmadığı halda əməkdaşlar üçün xarici dil kurslarının təşkil edilməsinə, əməkdaşlarının tibbi sığortası olduğu halda tibbi xərclərə vəsait ödənildiyi müəyyən olunub.

Saxlanılma xərcləri üzrə açılan maliyyələşmədən qalan vəsaitin dövlət bücdəsinə qaytarılmadan növbəti büdcə ilində istifadə olunması halları müəyyən olunub, audit olunan diplomatik nümayəndəliklər tərəfindən bir sıra xərc maddələri üzrə yaranmış debitor və kreditor borcun bağlanması təmin edilib. Nəzarət tədbirləri ilə konsul əməliyyatlarının aparılması zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən olunub. Konsul əməliyyatları üzrə müvafiq sənədlərin qeydiyyatı üzrə reyestr kitabları qaydalara uyğun aparılmamış, bəzi hallarda toplanmış dövlət rüsumu müvafiq qaydada dövlət büdcəsinə ödənilməyib. Müəyyən olunan nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərin nəticələri barədə Hesablama Palatasına təqdim olunmuş məlumatlara görə, cəmi 39,6 min avro məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə və diplomtik korpusun hesabına bərpa edilib. Ümumilikdə, 1347,3 avro debitor və 1975,5 avro kreditor borcun bağlanması təmin edilib.

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi