Son vaxtlar dünyanın üzləşdiyi qlobal çağırışlar Orta Dəhlizin ən etibarlı və iqtisadi cəhətdən əlverişli marşrut olduğunu aydın şəkildə göstərdi.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.
Nazir vurğulayıb ki, dünya bu gün çətin dövr yaşayır, lakin türk dünyası ölkələri tarixi əlaqələrə əsaslanaraq həmrəylik və birlik nümayiş etdirməyə davam edir.
"Ölkələrimiz təkcə öz regionunda deyil, bütün dünyada sülh və rifahın əldə edilməsi üçün səy göstərir. Türk Dövlətləri Təşkilatı (TDT) ümumi məqsədlərə çatmaq üçün birgə və qətiyyətli fəaliyyətini davam etdirəcək", - o bildirib.
H.Fidan xatırladıb ki, koronavirus pandemiyasından sonra qlobal təchizat zəncirində əhəmiyyətli problemlər yaranıb: "Bütün bunlar qlobal sistemin təməlinə zərər vurub. Lakin üzləşdiyimiz çağırışlar aydın göstərdi ki, Mərkəzi Asiya, Xəzər dənizi və Türkiyə vasitəsilə Avropaya uzanan Orta dəhliz Asiya və Avropa üçün ən etibarlı və iqtisadi cəhətdən sərfəli marşrutdur".