Gürcüstanın Saqareco rayonunda Qanlı Yanvar faciəsi ilə əlaqədar aksiya keçirilib

Gürcüstanın Saqareco rayonunda Qanlı Yanvar faciəsi ilə əlaqədar aksiya keçirilib 20 Yanvar şəhidləri və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinə qədər yürüş olub
Xarici siyasət
20 Yanvar , 2018 14:05
Gürcüstanın Saqareco rayonunda Qanlı Yanvar faciəsi ilə əlaqədar aksiya keçirilib

Tbilisi. 20 yanvar. REPORT.AZ/ Azərbaycanlıların kompakt yaşadıqları Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində 20 Yanvar faciəsi ilə əlaqədar aksiya keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ağsaqqallar, bələdiyyə və icra nümayəndəliklərinin rəhbərləri, üzvləri, məktəblilər kəndin mərkəzindən 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinə qədər yürüş ediblər. Abidə önünə gül dəstələri düzülüb.

Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını, şəhidlərin fotoşəkillərini, eləcə də şagirdlərin şəhidlərə həsr etdikləri rəsmləri tutan aksiya iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidləri unutmayaq”, “Unutsaq, unudularıq” və s. şüarlar səsləndiriblər.

Aksiya abidə önündə davam edib.

Əslən Qaraçöp kəndindən olan, 20 Yanvar hadisəsi zamanı şəhid olmuş Ələsgər Yusif oğlu Qayıbovun ailəsinə başsağlığı verilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Şəhidin qardaşları Əmir və Nəriman Qayıbovlar, kənd bələdiyyəsi üzvlərindən Rizvan Məmmədov, Elşad Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Ağabalı Xeyirxəbərov və başqaları çıxış edərək "Qanlı Yanvar" faciəsindən danışıblar. Bildirilib ki, təkcə Qaraçöp sakinləri deyil, Saqareco rayonunda və ümumilikdə, bütün Gürcüstanda yaşayan insanlar 20 Yanvar və 9 Aprel hadisələrinin nəticələrini unutmayacaqlar. Bu hadisələr iki xalqın tarixində qanlı səhifə olmaqla yanaşı, qəhrəmanlıq tarixinin də şanlı səhifəsidir: "Qanlı Aprel və Yanvar hadisələri zamanı şəhid olanlar öz qanları ilə müstəqillik tariximizdə şərəfli səhifə yazıblar. Heç bir xalq öz qəhrəmanlarını unutmaz, biz də unutmayacağıq".

Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Son xəbərlər

Orphus sistemi