Gürcüstanın baş naziri: "Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır"

Gürcüstanın baş naziri: "Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır" Giorgi Kvirikaşvili: "Gürcüstan hər zaman qlobal layihələrdə Azərbaycanın mövqeyini dəstəkləyir"
Xarici siyasət
12 Mart , 2018 15:31
Gürcüstanın baş naziri: Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır

Bakı. 12 mart. REPORT.AZ/ "Azərbaycan və Gürcüstanın xüsusi strateji tərəfdaş olduğunu nəzərə alaraq, Azərbaycana səfər bizim üçün həmişə xüsusi hadisədir. Ölkələrimiz arasında iqtisadi münasibətlərin dirçəliş yolunda olmasına görə çox şadıq".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Gürcüstanın baş naziri isti qarşılanmaya görə Prezidentə minnətdarlığını bildirib və diqqəti iqtisadi əlaqələrin inkişaf dinamikasına yönəldib: "Bu yaxınlarda dərc edilən statistikaya əsasən, Azərbaycan say baxımından vətəndaşları Gürcüstana səfər edən ölkələrin sıralamasında birincidir və bu, bizi çox sevindirir. Bakı - Tbilisi - Qars layihəsi, sonradan Trans-Anadolu və Trans-Adriatik qaz dəhlizlərinə qoşulacaq Cənub qaz dəhlizi layihəsi həm iqtisadi, həm də geostrateji baxımdan həddindən artıq əhəmiyyətilidir".

Hökumət başçısı Gürcüstanın hər zaman qlobal layihələrdə Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb və iki ölkə arasındakı strateji tərəfdaşlığa söykənərək bunun təbii olduğunu qeyd edib: "Həmçinin cənab Prezident, Sizi ilk müstəqil respublikanın elan edilməsinin 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu, Gürcüstan və Azərbaycan üçün çox əhəmiyyətli gündür. Ümid edirəm ki, bunu layiqincə qeyd edəcəyik".