Gürcüstanda seçkilər: Azərbaycanlı neçə namizəd mübarizəyə qatılıb?

Gürcüstanda seçkilər: Azərbaycanlı neçə namizəd mübarizəyə qatılıb? Bir həftədən sonra - oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Xarici siyasət
24 sentyabr 2021 11:59
Gürcüstanda seçkilər: Azərbaycanlı neçə namizəd mübarizəyə qatılıb?

Bir həftədən sonra - oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Gürcüstan vətəndaşları növbəti 4 il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) iki mindən çox deputat seçəcəklər.

“Report”un Gürcüstan bürosu seçkilərə namizəd kimi qatılan soydaşlarımızla bağlı kiçik araşdırma aparıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış namizədlərin siyahısında 105 nəfər azərbaycanlı yer alıb. Sentyabrın 20-də dərc olunan sənədə əsasən, onlardan üçü - Kənan Ömərov (Gürcü Arzusu Partiyası), Əhməd İmamquliyev (“Avropalı Gürcüstan”) və Eldar Mustafayev (Vahid Milli Hərəkat Partiyası - VMHP) Marneuli meri vəzifəsinə iddialıdırlar. Yerdə qalan 102 nəfər isə yerli orqanlarda təmsilçilik uğrunda mübarizə aparır.

Seçki marafonuna ən çox azərbaycanlı namizədlə qoşulan partiya müxalif VMHP-dir. Partiya 32 nəfər azərbaycanlı namizəd irəli sürüb.

Azərbaycanlı namizədlərin sayına görə II yerdə Gürcü Arzusu Partiyasıdır. Hakim partiya seçkilərə 29 azərbaycanlı namizədlə gedir.

Üçüncü yerdə isə 13 azərbaycanlı namizədlə “Avropalı Gürcüstan - Azadlıq naminə hərəkat” partiyasıdır.

Keçmiş Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə”, “Lelo”, “Avropalı demokratlar” partiyaları, “Üçüncü qüvvə” platforması hər biri 5 nəfər azərbaycanlı namizəd təqdim edib. Leyboristlər, Vətənpərvərlər Alyansı, “Qirçi” partiyalarının hər biri 2, “Xalq partiyası” və bir təşəbbüs qrupunun hər biri isə 1 azərbaycanlı namizədi öz siyahılarına daxil edib.

Namizədlər Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Tsalka rayonları və Rustavi şəhəri, Kaxeti bölgəsinin Telavi, Saqareco və Laqodexi rayonları, Mtsxeta-Mtianeti regionunun Mtsxeta bələdiyyəsi üzrə irəli sürülüb. Marneuli, Bolnisi və Dmanisi ən çox azərbaycanlı namizədin olduğu ilk üç bələdiyyədir.

Azərbaycanlı namizədlərin cinsi mənsubiyyətlərinə nəzər salanda kişilərin mütləq üstünlük təşkil etdiyi görünür. Belə ki, 105 namizədin yalnız 3-ü qadındır.

Namizədlər qələbə qazanmaq üçün seçicilərin səslərinin 50 %-dən çoxunu əldə etməlidirlər. Tələb olunan səsin toplanmayacağı konkret şəhər və ya rayonda seçkilərin ikinci mərhələsi təyin olunacaq.

“Gürcü Arzusu”nda əmindirlər ki, partiyanın bütün namizədləri seçkilərin elə ilk mərhələsində böyük səs üstünlüyü ilə qalib gələcəklər. Partiyanın bu ay ərzində Rustavi, Batumi və Tbilisi şəhərlərində apardığı sosial araşdırmaların nəticələrinə əsasən, seçicilərin böyük əksəriyyəti qarşıdan gələn seçkilərdə hakim partiyanın namizədlərini dəstəkləyəcək. Müxalifət isə bu nəticələrin etibarlı olmadığını iddia edir və onları reallıqdan uzaq adlandırır.

Son xəbərlər

Orphus sistemi