Gürcüstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO

Gürcüstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO Ermənilərin Xocalıda törətdikləri faciə dünyada misli görünməmiş vəhşilikdir
Xarici siyasət
18 Fevral , 2017 19:57
Gürcüstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO

Tbilisi. 18 fevral. REPORT.AZ/ “Ermənilərin Xocalıda törətdikləri faciə dünyada misli görünməmiş, insanlığa yaraşmayan vəhşilikdir. Dünya ictimaiyyəti bu faciəyə biganə qalmamalı, faciəni törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Gürcüstanın Qardabani rayonunda keçirilmiş anım tədbirində səslənib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımından bəhs edən fotosərgiyə baxıblar.

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GGYMT) təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin, TİKA-nın, müxtəlif təşkilatların əməkdaşları, gürcü və Azərbaycan icmalarının üzvləri, eləcə də Azərbaycandan gəlmiş ziyalılar iştirak ediblər.

GGYMT-nin sədri Musa Hacıyev tədbiri giriş sözü ilə açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxış edərək Xocalı soyqırımı və onun səbəbləri, ermənilərin zaman-zaman Azərbaycana qarşı həyata keçirdiyi terror aktları və digər cinayətkar əməlləri barədə ətraflı məlumat verib. O, bildirib ki, Xocalı soyqırımına dünya miqyasında hüquqi, siyasi qiymətin verilməsi, cinayətkarların layiq olduğu cəzalarını alması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı məqsədyönlü siyasət Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondu da bu istiqamətdə səmərəli fəaliyyət göstərir.

Sonra Qardabani rayon icra hakimiyyəti başçısının müavini Dünyamalı Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi, Hacı Yasin Əliyev, Azərbaycanın Zəngilan rayonundan olan məcburi köçkün, “Türk İslam Araşdırmaları Mərkəzi” İB-nin sədri Telman Nüsrətoğlu və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə qeyd olunub ki, gürcüstanlı gənclər də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət” kampaniyasına fəal qoşulublar, artıq gürcü ictimaiyyətini, xüsusən də gəncləri məlumatlandırırlar, müxtəlif aksiyalar keçirirlər.

Çıxışlarda prezident İlham Əliyevin gərgin əməyi, xarici ölkələrdə yaşayan azərbaycanlıların dəstəyi nəticəsində Xocalı faciəsini törədənlər yaxın vaxtlarda layiqli cəzalarını alacaqlarına inam xüsusi vurğulanıb.     

Son xəbərlər

Orphus sistemi