​Gürcüstanda təhsil alan azərbaycanlı gənclər Azərbaycan uğrunda döyüşməyə hazırdır

​Gürcüstanda təhsil alan azərbaycanlı gənclər Azərbaycan uğrunda döyüşməyə hazırdır Yüzdən çox azərbaycanlı tələbə Tbilisidə Heydər Əliyev parkında Azərbaycana dəstək aksiyası keçiriblər
Xarici siyasət
8 Aprel , 2016 15:33
​Gürcüstanda təhsil alan azərbaycanlı gənclər Azərbaycan uğrunda döyüşməyə hazırdır

Tbilisi. 8 aprel. REPORT.AZ/ Gürcüstanın müxtəlif universitetlərində təhsil alan yüzdən çox azərbaycanlı tələbə Tbilisidə Heydər Əliyev parkında Azərbaycana dəstək aksiyası keçiriblər. 

Tədbirin təşkilatçılarından biri, tələbə Huri Əsgərova "Report"a deyib ki, tədbirin məqsədi Qarabağda, erməni təcavüzkarlarına qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş əsgərlərimizin xatirəsini yad etmək, Azərbaycan dövlətinə dəstək nümayiş etdirməkdir: “Biz Azərbaycandan kənarda yaşasaq da, ürəyimiz mənəvi Vətənimiz Azərbaycanla döyünür".

Sonra əllərində Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər “Vətən torpağı bölünməz”, “Şəhidlər ölməz”, “Qarabağ Azərbaycanındır”, “Biz birik” və s. şüarlar səsləndirərək Azərbaycanın Gürcüstandakı səfirliyinə qədər yürüş ediblər. Yol boyu şəhər ictimaiyyətinin nümayəndələri, azərbaycanlı sürücülər gənclərə dəstək nümayiş etdiriblər.

Səfirliyin qarşısında toplaşan gənclər son günlər Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdən narahat olduqlarını bildirib, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyiblər. Cəbhədə baş verən hadisələrə və atəşkəsin pozulmasına görə Ermənistanın günahkar olduğunu bildiriblər.

Tbilisi Dövlət Universitetinin (TDU) tələbəsi, bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Dostlar Klubunun koordinatoru Leyla Əmrahova deyib: “Bu gün TDU-nun azərbaycanlı və gürcü tələbələri Azərbaycanın haqq səsini dəstəkləyirlər. Tələbələrimiz Azərbaycanda səfərbərlik elan edilərsə, döyüşə getməyə də hazırdırlar”.

Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva deyib ki, Azərbaycanın haqq işinə dəstək vermək xaricdə yaşayan hər bir azərbaycanlının borcudur. Bu gün Tbilisidə tələbələrin ikinci dəfə aksiya təşkil etməsi bir daha göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz mənəvi Vətənlərinə biganə deyillər. Hər bir tələbə bütöv bir ailəni təmsil edir. Bu isə onların nə qədər çox olduğunu, eyni zamanda, Azərbaycanın burada nə qədər çox sevildiyini göstərir.

Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi