Gürcüstanda “Heydər Əliyev və mənəvi dəyərlər” adlı tədbir keçirilib

Gürcüstanda “Heydər Əliyev və mənəvi dəyərlər” adlı tədbir keçirilib Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunda “Heydər Əliyev və mənəvi dəyərlər” adlı tədbir keçirilib.
Xarici siyasət
7 May , 2019 17:54
Gürcüstanda “Heydər Əliyev və mənəvi dəyərlər” adlı tədbir keçirilib

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunda “Heydər Əliyev və mənəvi dəyərlər” adlı tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Dmanisi rayonunun Təhsil Mərkəzində keçirilən tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyi və Dmanisi Rayon İcra Hakimiyyəti birgə təşkil edib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşvili, Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov, Azərbaycanın İlahiyyət İnstitutunun prorektoru Aqil Şirinov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və digər şəxslər iştirak ediblər.

D.Həsənov tədbir iştirakçılarını Ramazan ayının başlaması münasibətilə təbrik edib. O, ulu öndərin multikulturalizmin Azərbaycanda yaranması və onun inkişafında, beynəlxalq aləmdə təşviqində böyük rol oynadığını bildirib: “Məhz Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində multikulturalizmin təşviqi istiqamətində bir çox tədbirlər görülüb və atılmış müsbət addımların nəticəsi olaraq ölkəmizdə çoxəsrlik tolerantlıq mühiti daha da inkişaf etmişdir”.

Səfirin sözlərinə görə, Azərbaycan dost və qardaş Gürcüstanla bütün sahələrdə olduğu kimi, dini sahədə də əlaqələri inkişaf etdirir: “Ölkələrimiz arasında dinlərarası dialoq, dini konfessiyalararası əlaqələr genişlənərək digər ölkələr üçün nümunə olub. Bu da, öz növbəsində, xalqlarımız arasındakı tarixi dostluq körpülərinin möhkəmlənməsinə xidmət edib”.

Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov rəhbərlik etdiyi təşkilatın yaranma tarixi və vəzifələri barədə danışıb: “Azərbaycan və Gürcüstanı birləşdirən çoxlu ortaq dəyərlər var. Hər iki ölkə çoxmillətlidir. Azərbaycanın xarici siyasətində Gürcüstanın özünəməxsus rolu var. Azərbaycan Gürcüstanın çətin vaxtlarında hər zaman gürcü xalqının yanında olub”.

Fond rəhbərinin sözlərinə görə, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, sahib olduqları tolerantlıq dəyərini yaşadır və təbliğ edir.

QMİ rəsmisi Əli Əliyev çıxışında Azərbaycanda mövcud və bir çox ölkələrə nümunəvi olan dini azadlıq, dinlərarası dialoq və dövlət-din münasibətlərindən söz açıb. O, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə məscid və digər dinlərə aid məbədlərin tikilməsinin geniş vüsət aldığını deyib.

İlahiyyət İnstitutunun prorektoru Aqil Şirinov isə, öz növbəsində, Azərbaycanda mövcud tolerantlığın dünyada nümunəvi olduğunu bildirib. O, ölkədə multikulturalizm dəyərlərinin inkişaf etdirilməsi və Azərbaycanın multikulturalizm modelinin dünyada təbliğinə xüsusi diqqətin ayrıldığını vurğulayıb.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycanda mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki böyük xidmətlərindən, onun Gürcüstanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırması, Azərbaycan və gürcü xalqları arasındakı mehriban qonşuluq və sıx dostluq münasibətlərindən danışıblar. 

Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən ailə dəyərlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi