Gürcüstanda keçirilən “Zəfər kuboku”nun qalibi məlum olub

Gürcüstanda keçirilən “Zəfər kuboku”nun qalibi məlum olub Gürcüstanda Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini futbol turniri yekunlaşıb.
Xarici siyasət
8 Noyabr , 2021 14:42
Gürcüstanda keçirilən “Zəfər kuboku”nun qalibi məlum olub

Gürcüstanda Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini-futbol turniri başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, Marneulinin Qızılhacılı kəndindəki idman kompleksində keçirilmiş final oyununda Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) və “Azərsun Holding”in Gürcüstan nümayəndəliyi olan DAPNA şirkətinin həvəskar komandaları qarşılaşıb.

Oyun 1:0 hesabı ilə AZEBİ-nin xeyrinə nəticələnib.

Qalibə “Zəfər kuboku”, turnirdə iştirak etmiş 10 komandanın üzvlərinə medallar təqdim olunub. Mükafatlandırma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə səfiri Fatma Ceren Yazqan, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Marneuli meri Kənan Ömərov və digər şəxslər iştirak ediblər.

N.Qurbanov çıxış edərək bu günün Azərbaycan tarixində əlamətdar və qürurverici olduğunu deyib. O, turnirə qatılan komandalara təşəkkür edərək vurğulayıb ki, “Zəfər kuboku” dostluq, qardaşlıq və birlik görüşü olub.

F.Quliyev öz növbəsində möhtəşəm gün münasibətilə təbriklərini çatdırıb: “Azərbaycan hər zaman sülhsevər dövlət olub. Biz sülh və ədaləti bərpa etmək üçün 44 günlük Vətən müharibəsi apardıq, işğalçını məğlubiyyətə uğratdıq. Şanlı Zəfəri Azərbaycan xalqına bəxş edən qəhrəman şəhidlərimizin ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik”.

Qeyd edək ki, mini-futbol yarışı AZEBİ-nin təşkilatçılığı ilə baş tutub. Oktyabrın 23-dən start götürən turnirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirlikləri, hər iki ölkənin şirkətlərinin komandaları yarışıb.

Son xəbərlər

Orphus sistemi