Gürcüstan Prezidenti Qaxın Qaxingiloy kəndində məktəblə tanış olub, kilsəni ziyarət edib - ƏLAVƏ OLUNUB

Gürcüstan Prezidenti Qaxın Qaxingiloy kəndində məktəblə tanış olub, kilsəni ziyarət edib - ƏLAVƏ OLUNUB Bakı. 28 fevral. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.
Xarici siyasət
28 Fevral , 2019 16:35
Gürcüstan Prezidenti Qaxın Qaxingiloy kəndində məktəblə tanış olub, kilsəni ziyarət edib - ƏLAVƏ OLUNUB

Bakı. 28 fevral. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib.

Gürcüstan dövlətinin başçısının diqqətinə çatdırılıb ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 məzundan 5-i ali məktəbə daxil olub.

Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər. 

Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır.

Gürcüstan Prezidentinə məlumat verilib ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir.

Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzulayıb.

***

S.Zurabişvili Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib. Ona XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verili. Bildirilib ki, bu kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Salome Zurabişvili kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.

Ali qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada öyrənilir və tətbiq edilir. Dövlət tərəfindən başqa dinlərin abidələrinin qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.

Son xəbərlər

Orphus sistemi