Gürcüstanın ombudsmanı Nino Lomcaria azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ombudsman rayondakı Zorakılıq Qurbanları üçün Böhran Mərkəzinə baş çəkib və əməkdaşlarla tanış olub.
N.Lomcariaya məlumat verilib ki, mərkəz hüquqi məsləhət, psixoloq konsultasiyası və sosial xidmətlər göstərir.
N.Lomcaria kollec tələbələrinə və müəllimlərinə Ombudsman Aparatının fəaliyyət istiqamətləri barədə məlumat verib. Kollec adından ombudsmana bölgədə vətəndaş bərabərliyi sahəsindəki aktiv fəaliyyətinə görə təşəkkürnamə verilib.
İnsan haqları üzrə müvəkkil Marneuli Məşğulluq Mərkəzində QHT nümayəndələri, ictimai fəallar və gürcü dili müəllimləri ilə görüş keçirib. Görüşdə qadınların və etnik azlıqların qərar qəbul etmə prosesində iştirakı məsələsi müzakirə olunub.