Yuxarı

Gəncədə Azərbaycan - Avropa İttifaqı münasibətlərinin 25 illiyi təntənəli şəkildə qeyd olunub - FOTO

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər iştirak edib

Gəncə. 12 iyun. REPORT.AZ/ Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinin 25 illik yubileyi münasibətilə qurumun ölkəmizdəki nümayəndəliyinin təşkil etdiyi "Aİ Avtobus turu"nun iştirakçıları iyunun 11-də Gəncə şəhərində olublar.

"Report"un Qərb bürosu xəbər verir ki, qonaqlar, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard və Aİ-yə daxil olan müxtəlif ölkələrin diplomatlarının təmsil olunduğu nümayəndə heyəti ilk olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

İcra başçısı qonaqlara şəhərin tarixi və zəngin mədəniyyəti, həmçinin multikultural dəyərləri haqqında geniş məlumat verib, gələcəkdə Aİ ilə birgə həyata keçiriləcək layihələrin hər kəs üçün çox əhəmiyyətli olacağı haqqında danışıb.

Daha sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard çıxış edib. O, bildirib ki, bölgələrimizdə Avropa İttifaqı və onun respublikamızdakı fəaliyyəti haqqında məlumat yaymaq məqsədilə təşkil olunmuş avtobus turunun 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərindən keçməsi ayrı bir xoşbətlikdir.

Gəncənin gözəl və yaşılıqlarla bol bir şəhər olduğunu deyən qonaqlar təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq da etmək istədiklərini və bundan məmnun olacaqlarını bildirdilər. Görüşün sonunda E.Vəliyev tərəfindən qonaqlara Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş mahnılardan ibarət audio disklər və Gəncənin tarix və mədəniyyətini əks etdirən müxtəlif hədiyyələr təqdim olunub.

Qonaqlar daha sonra Gəncədə yeni salınan “Avropa Gənclər Paytaxtı - 2016” parkına səfər ediblər, orada Azərbaycan-Avropa İttifaqı əlaqələrinin 25 illik yubileyi münasibəti ilə 25 ədəd çinar ağacı əkilib. Parkda gənclərlə xatirə şəkili çəkdirilib.

Tədbir Gəncə şəhər 31 saylı Körpələr Evinin açılış mərasimi ilə davam edib. Açılış lentini körpələrlə birgə kəsən Elmar Vəliyev və Malena Mard çıxış edərək körpələrə və müəllim kolektivinə uğurlar arzulayıblar. Sonra qonaqlar körpələr evində yaradılmış şəraitlə tanış olublar. Sonda qonaqlar üçün körpələr tərəfindən hazırlanmış müxtəlif rəqslər nümayiş etdirilib, şeirlər söylənib.

Günün ikinci yarısında isə Avropa ölkələrinin milli ənənələri və mədəniyyətinin təbliği məqsədi ilə şəhərin Heydər Əliyev parkında salınmış Avropa şəhərciyinin açılışı olub. Tədbirdə Avropa-Azərbaycan əlaqələrini əks etdirən 20-yə yaxın maraqlı pavilyon və stendlər xarici qonaqlara və şəhər sakinlərinə nümayiş etdirilib. Şəhərcikdə müxtəlif viktorinalar, karaokelər, üzə çəkilən rəsmlər və şəhər rəssamlarının əl işlərinin sərgisi də nümayiş olunub.

Günün sonunda isə Heydər Əliyev parkındakı amfiteatrda konsert proqramı təşkil edilib. İlk olaraq Aİ və Azərbaycanın himləri səsləndirilib.

Daha sonra Aİ-nin Azərbaycandakı səfiri Malena Mard və Gəncənin icra başçısı Elmar Vəliyev çıxış edərək şəhərin Avropanın Gənclər paytaxtı seçilməsnin tarixi uğur olduğunu və bu gün Gəncə üçün bir bayram olduğunu bildirib. Həmçinin Aİ-yə üzv ölkələrin Azərbaycandakı səfirləri əhaliyə öz ölkələrinin salamlarını çatdırıblar. Konsert proqramı “Azərbaycanın səsi” müsabiqəsi müğənnilərinin ifaları ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi