Yuxarı
    Bağlamaq

    Gəncə “2016-cı il Avropa gənclər paytaxtı” estafetini Varna şəhərinə təhvil verəcək

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi

    Varna. 10 dekabr. REPORT.AZ/ Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi:

    - 2016-cı il yekunlaşmaq üzrədir və bu o deməkdir ki, Gəncə “2016-cı il Avropa gənclər paytaxtı” estafetini Bolqarıstanın Varna şəhərinə təhvil verəcək. Layihənin rəsmi bağlanış mərasimi nə zaman olacaq?

    - Dekabrın 20-də Gəncədə “2016-cı il Avropa gənclər paytaxtı” layihəsinin bağlanış mərasimi keçiriləcək. Mərasimə Gəncə şəhər İcra Hakimiyyəti başçısının dəvətilə Varna şəhərinin meri və nümayəndə heyəti qatılacaq. Avropa Gənclər Paytaxtının simvolik açarının Gəncədən Varnaya təhvil verilməsi də həmin ərəfələrdə nəzərdə tutulub. Bağlanış mərasimində biz “2016-cı il Avropa gənclər paytaxtı” layihəsinə müraciət etdiyimiz gündən bu vaxta qədər olan fəaliyyət və layihələrimizin hesabatını ictimaiyyət önündə təqdim edəcəyik.

    - Avropanın Gənclər paytaxtı olduğu bu bir il ərzində istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda Gəncə şəhərinin tanıdılması istiqamətində hansı işlər görüldü?

    - 2016-ci il Gəncə şəhəri üçün çox əlamətdar olduğunu deyə bilərəm. İlk dəfə Avropa gənclər paytaxtı olduğundan, şəhərimizdə 250-yə yaxın müxtəlif yönümlü yerli və beynəlxalq layihələr həyata keçirildi. Təlim, seminar, konfrans, festival, simpozium, sərgi və dəyirmi masalarda 15 mindən çox gənc iştirak etdi. Tədbirlərə Gəncədə yaşayanlardan əlavə, şəhərimizdə təhsil alan tələbələr və layihələr çərçivəsində səfərdə olan gənclər də qatıldı. Bundan əlavə, “2016-cı il Avropa gənclər paytaxtı” adlı beynəlxalq layihələr çərçivəsində şəhərimizə Avropa və dünya ölkələrindən 3 mindən çox gənc gəldi. Əcnəbi qonaqlar Gəncənin tarixi, mədəniyyəti, multikulturalizmi, şəhər və gənclər infrastrukturu ilə yaxından tanış olaraq, öz ölkələrində sərgilər, konfranslar və festivallar vasitəsilə təbliğat işlərində yaxından iştirak etdilər. Xarici ölkələrdə fəaliyyətlərimizi genişləndirmək, şəhərimizi və ölkəmizi təmsil etmək əsas prioritetlərimizdən biri olub. Biz 2013-cü ildən Avropa inzibati paytaxtı hesab edilən Strasburq və Brüsel şəhərlərində, o cümlədən, Avropanın Gənclər Paytaxtlarında geniş təşviqat işlərinə başlamışıq. Sözügedən layihə çərçivəsində Avropa Komissiyasının Erasmus proqramı, Avropa gənclər paytaxtlarının görüşlərində, Avropa Gənclər Forumunun iclaslarında, gənclərin anlaşma və mübadilə şəbəkəsinin müxtəlif tədbirlərində nümayəndələrimiz iştirak ediblər.

    - Noyabrın sonlarında Varnaya səfəriniz zamanı hansı tədbirlərdə iştirak etdiniz?

    - Gəncə - “2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimində estafeti Bolqarıstan şəhərinə təhvil verəcəyik. Artıq bu məqsədlə noyabrın sonunda Varna şəhər merinin dəvəti ilə 2017-ci il Avropa gənclər paytaxtı olacaq şəhərə səfərimiz baş tutub. Beş günlük səfər çərçivəsində Varna meri, gənclər sahəsində fəaliyyət göstərən QHT-lər, “2017-ci il Avropa Gənclər Paytaxtı” layihəsinin, Avropa Gənclər Forumunun idarə heyətləri, o cümlədən 15-dən çox ölkədən gəlmiş gənclərlə görüşdük. Görüşlər çərçivəsində 2016-cı ildə Gəncədə həyata keçirdiyimiz yerli və beynəlxalq layihələr haqqında məlumat verdik. Bu layihələr çərçivəsində şəhərimizdə yaradılan yeni infrasturuktlardan “Avropa Gənclər Paytaxtı 2016” ofisinin və parkının açılışı, eləcə də “Gənclər Evi”nin istifadəyə verilməsi, bu infrastrukturların şəhər gənclərinə verdiyi tövhə haqqında avropalı gəncləri məlumatlandırdıq. Həmçinin, Varnada 2019-cu il Avropa Gənclər Paytaxtı olacaq Serbiyanin Novi Sad şəhərinin qələbəsini də izlədik. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi