Gələn həftə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn həftə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclası keçiriləcək Azərbaycanın Latviyadakı səfiri bu ölkənin rabitə naziri ilə görüşüb
Xarici siyasət
9 İyun , 2016 02:14
Gələn həftə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bu ölkənin rabitə naziri Uldis Auqulis ilə görüşüb.

Azərbaycanın Latviyadakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə iki ölkənin ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gələn həftə nəzərdə tutulan iclasının detalları müzakirə edilib.

Səfiri yeni təyinat münasibətilə təbrik edən nazir U.Auqulis Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin, o cümlədən nəqliyyat sahəsində münasibətlərin səviyyəsindən razı qaldığını bildirib. O qeyd edib ki, Latviya Azərbaycana Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi baxır.

C.Axundov isə nəqliyyat və logistika sahəsində Azərbaycanın potensialı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin, Astarada yük terminalının imkanları barədə məlumat verib. O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Əlaqələndirmə Mərkəzinin yaradılması barədə ilkin razılaşma əldə olunub.

Nazir U.Auqulis “ZUBR” konteyner zavodundan və bu layihə vasitəsilə Latviyanın İpək Yoluna qoşulması imkanlarından danışıb. Nazir vurğulayıb ki, Latviyanın nəqliyyat infrastrukturu – limanları və dəmir yolu vasitəsilə Azərbaycandan Avropa İttifaqına ixracın həcmini artırmaq üçün böyük imkanlar var. Latviya Azərbaycanın istehsalı olan mallara maraq göstərir. U.Auqulis deyib ki, Latviya limanları Azərbaycanın neft və neft məhsulları, metal, maşınqayırma, kimya sənayesi məhsulları, meyvə-tərəvəz, çay və digər kənd təsərrüfatı məhsulları kimi eksport mallarını emal etməyə qadirdir.

Səfir C.Axundov vurğulayıb ki, Latviya öz məhsulunu satmaq üçün Azərbaycan vasitəsilə yeni bazarlara, o cümlədən İran, Türkiyə və Pakistana çıxış əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi