Yuxarı

​Fransanın bir qrup deputatı və ictimai xadimləri I Avropa Oyunları ilə bağlı "Le Figaro"ya məktub göndərib

Onlar bu idman hadisəsindən Azərbaycana qara yaxmaq məqsədilə deyil, ölkənin reallıqları ilə tanış olmaq üçün istifadə etməyi tövsiyə edib

Bakı. 23 iyun. REPORT.AZ/ Fransanın bir qrup deputatı və ictimai xadimləri Azərbaycanda keçirilən I Avropa Oyunları ilə bağlı "Le Figaro" nəşrinə məktub göndərib.

"Report" xəbər verir ki, məktub müəllifləri onların iyunun 12-də Bakıda Oyunların açılış mərasimində iştirak etdiklərini bildirir və "mükəmməl təşkilin və mərasimlə bağlı xalq arasındakı böyük ruh yüksəkliyinin" şahidi olduqlarını qeyd edirlər.

Fransalı millət vəkilləri və ictimai xadimləri Azərbaycanı haqlı-haqsız tənqidə məruz qoymaqdansa, ölkə reallıqları ilə tanış olmaq və onun inkişafına dəstək olmaq üçün bu möhtəşəm idman hadisəsindən istifadə etməyə çağırıb.

Məktubda qeyd olunur ki, Azərbaycan nisbətən qısa müddətdə, cəmi 30 aya Avropanın 50 ölkəsindən 6000 idmançının iştirak etdiyi Oyunların keçirilməsi üçün hər cür şərait yarada bilmişdi . "Bu böyük bir çağırışdır. Bunun müvəffəqiyyəti maliyyə resurslarından yalnız qismən asılıdır və daha çox digərləri üçün də açıq olan, öz tarixi və mədəni kökləri ilə fəxr edən xalqın iradəsi, enerjisi, həmçinin bacarığından asılıdır. Bunun oyunların açılış mərasimində biz bir daha şahidi olduq", - məktubda deyilir.

Məktub müəllifləri qeyd edirlər ki, ölkənin qonaqpərvərliyini sübut edən daha bir fakt bu oyunlarda Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistan komandasının da iştirak etməsidir.

Məktubda qeyd olunur ki, Azərbaycan hələ də bir sıra həll olunmamış problemlərlə, o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bu kimi çətinliklərlə üzləşir. "Bu gənc və 24 il əvvəl müstəqillik əldə etmiş ölkəni qaralamaq əvəzinə, bu ölkəyə gələrək onun reallıqları ilə yaxından tanış olmaq, siyasi, iqtisadi və sosial tərəqqisinin şahidi olmaq daha yaxşı olardı".

Müraciəti imzalayanlar arasında Azərbaycanın dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Andre Rexardt, Azərbaycanın dostları Assosiasiyasının vitse-prezidenti Natali Qule, fotoqraf Reza Deqati, "Paris Pinakoteki"nin prezidenti Mark Restellini və məşhur sənətçi Pyer Şeremetyev və digərləri də var idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi