"Fransanın Avropa İttifaqı ölkələrini öz absurd iddialarına alət etmək cəhdi Avropa siyasətinə təhqirdir və bu baş tutmayacaq".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Fransanın davranışları diplomatiyanı və dövlətlərarası münasibətləri terrora məruz qoymaq kimi qiymətləndirilməlidir: "Bu, təkcə Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətləri kontekstində deyil, həm də Fransa-Avropa İttifaqı münasibətləri kontekstindədir. Çünki bu davranışlar Cənubi Qafqazda sülhün əleyhinə, Avropa İttifaqı çərçivəsində isə səmərəli əməkdaşlıq prinsiplərinə qarşı yönəlib. Fransa öz imperialist maraqlarını Avropa İttifaqı ölkələrinin ümumi kollektiv maraqlarından üstün tutur".
H.Babaoğlu bildirib ki, üstəlik, Fransanın neoimperialist maraqları bu gün Qərbin mənimsədiyi ümumi və universal dəyərlərlə də daban-dabana ziddir: "Aİ-nin doqquz ölkəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var. Digər üzv ölkələrlə isə ən müxtəlif sahələrdə, xüsusən enerji təminatı sahəsində olduqca ciddi əlaqələri mövcuddur. Bu gün Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və bu tərəfdaşlığa tələbat hazırda dünyada baş verən mürəkkəb geostrateji proseslər kontekstində daha da artır. Üstəlik, Rusiyanın da təminatçısı olduğu üçtərəfli bəyanatın məzmununu şübhə altına alması Rusiya-Fransa münasibətlərinə də təsirsiz ötüşməyəcək. Azərbaycan isə belə davam edəcəyi təqdirdə Fransaya münasibətdə öz mövqeyinə yenidən baxmalı olacaq. Şübhəsiz, fransızlar bütün bunların hesabını siyasi avantüra ilə məşğul olan Makrondan soruşmalı olacaqlar".