Fransalı deputat: Azərbaycan Qafqazda bir nömrəli iqtisadi tərəfdaşımızdır

Fransalı deputat: Azərbaycan Qafqazda bir nömrəli iqtisadi tərəfdaşımızdır “Fransa Azərbaycanda 7-ci xarici investordur”.
Xarici siyasət
22 Yanvar , 2021 08:15
Fransalı deputat: Azərbaycan Qafqazda bir nömrəli iqtisadi tərəfdaşımızdır
Mjid El Gerab

“Fransa Azərbaycanda 7-ci xarici investordur”.

Bu fikirləri “Report”un yerli bürosuna müsahibəsində Fransa Milli Assambleyasının deputatı Mjid El Gerab (Mjid El Guerrab) bildirib.

Müsahibəni təqdim edirik:

- Azərbaycan-Fransa münasibətlərini necə qiymətləndirirsiniz?

- Fransanın Azərbaycandakı səfiri Zaxarie Qrossun Yeni il təbrikində xatırlatdığı kimi, Fransa Türkiyədən sonra Azərbaycanla diplomatik əlaqələr quran ikinci ölkə olub. Həmçinin ölkələrimiz arasındakı münasibətlərin daha qədim və daha çoxşaxəli olduğunu da unutmamalıyıq. Bakıda 2016-cı ilin sentyabrında açılışı olan Fransa-Azərbaycan Universiteti (UFAZ) bu dostluq və inam üzərində qurulmuş əlaqələrin ən bariz nümunəsidir. 2002-ci ildən etibarən Bakıda açılmış Fransız Anadolu Araşdırmalar İnstitutunun filialı vasitəsilə Fransa ilə Azərbaycan arasındakı elmi və tədqiqat sahəsində əməkdaşlığının inkişaf etdiyini də vurğulamaq vacibdir. Bundan əlavə, 2004-cü ildən etibarən Bakıda Fransız İnstitutu, 2013-cü ildən isə Fransız Liseyi də fəaliyyət göstərir.

Dövlət təhsil ocaqları arasında təxminən otuza yaxın müqavilə bağlanıb. 2018-2019-cu illərdə 697 azərbaycanlı tələbə Fransa ali təhsil ocaqlarına qəbul ediliblər. Gördüyünüz kimi, bu münasibətlərin qədim, möhkəm, davamlı və səmimi təməli var.

- Rəsmi Parisin Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasına dair Fransa Parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnaməsini tanımaması hökumətinizin bu məsələdə bitərəf mövqeyinə sübutdur? Sizcə hökumət bundan sonra da öz mövqeyində bitərəf qalacaqmı?

- Hökumət bu mövqeyi ilə Fransanın vasitəçi rolunu qorumaq istədiyini bir daha göstərdi. Xarici işlər naziri Jan-İv Le Drian, qətnamədəki müstəqillik tələbinə səs verməyəcəyini bildirdi və ermənilərin özlərinin belə, bunu istəmədiklərini vurğuladı. Əks qərar Fransanı ATƏT-in Minsk qrupu tərkibində vasitəçi rolundan kənarlaşdıracaqdı.

Respublika Prezidenti Emmanuel Makron da Rusiyanın Dağlıq Qarabağda davamlı sülhün bərpası üçün göstərdiyi səylərini dəstəklədiyini bildirib. Sülhə və qanuna hörmət, Fransanın bölgədəki təsirinin hərəkətverici qüvvəsi olmalıdır.

- Fransa Parlamentinə təklif olunan Cənubi Qafqazla bağlı qətnamə layihəsinin müəlliflərindən birisiniz. Sənədin əsas mahiyyəti nədən ibarətdir?

- Sənəd hökuməti Azərbaycanla münasibətləri hər zaman Fransa tərəfindən müdafiə olunmuş prinsiplər əsasında möhkəmləndirmək üçün lazımi tədbirlər görməyə çağırır. Qısa zamanda Azərbaycana missiya göndərmək istəyirik. Ermənistanla Azərbaycan arasındakı sülhün davamlı olması üçün biz də iş görmək istəyirik.

- 30 ilə yaxın müddətdən sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi. Bunun bölgəyə necə təsir edəcəyini düşünürsünüz?

- Xatırladım ki, 2008-ci ildə BMT Baş Assambleyası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək çağırışı ilə qətnamə qəbul edib. Fransa BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsinin təmin olunmasına dair qətnamələrinə dörd dəfə səs verib. Nəhayət bu, 20 dekabr 1993-cü ildə Fransa Prezidenti Fransua Mitteranla azərbaycanlı həmkarı Heydər Əliyev arasında imzalanan Dostluq, Anlaşma və Əməkdaşlıq Müqaviləsi ilə təsdiqlənib.

- Fransa kənd təsərrüfatı, turizm və digər sahələrdə zəngin təcrübəyə malikdir. Ölkəniz Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına töhfə verməkdə maraqlıdırmı?

- Bütün Qafqazda olduğu kimi Azərbaycanda da fransız dili geniş yayılıb, ölkə ərazisində çoxlu sayda Fransa şirkətinin fəaliyyəti buna sübutdur. 2019-cu ildə Fransa-Azərbaycan ticarət dövriyyəsi 22% artaraq 749,5 milyon avroya çatıb. Fransa Azərbaycanda yeddinci xarici investor, Azərbaycan isə onun Qafqazda bir nömrəli iqtisadi tərəfdaşıdır.

Bu gün Fransa Qafqazdakı münasibətlərini yenidən nəzərdən keçirərək onları daha artıq tarazlaşdırılmış formada inkişaf etdirməyə çalışmalıdır.

Son xəbərlər

Orphus sistemi